Təhsil Nazirliyinin rəsmisi müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı sualları cavablandırıb

Təhsil Nazirliyinin rəsmisi müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı sualları cavablandırıb Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı suallar cavablandırılıb.
Canlı yayımda verilən suallara Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov aydınlıq gətirib.
O bildirib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb. Müsabiqədə bu gün 3 mindən çox namizəd qeydiyyatdan keçib. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.
Həmçinin ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, builki müəllimlərin işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq edilir. Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində - bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun təşkil ediləcək. Hər bir imtahan mərkəzində, eyni zamanda, imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq olunacaq. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək.
E.Bağırov vurğulayıb ki, builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumtəhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı yaradılacaq. Müsabiqənin müsahibə mərhələsi onlayn təşkil olunacaq.
Təhsil Nazirliyinin rəsmisi vurğulayıb ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin hansı rayonlar üzrə keçirilməsi artıq məlumdur. Təxmini olaraq 17 şəhər və rayonda 29 mərkəz müəyyənləşdirilib. Lakin bu rəqəmlərin dəyişmə ehtimalı var. Çünki həmin rayonlarda nəqliyyat, təchizat, namizədlərin imtahana gediş-gəliş məsələsi ilə bağlı araşdırma aparılır. Test imtahanının keçirilməsinə bir neçə gün qalmış, yəni qeydiyyat başa çatandan sonra namizədlərin şəxsi kabinetinə yerlərlə bağlı ətraflı məlumat göndəriləcək. Ötən illərdə də imtahan iştirakçılarının böyük əksəriyyəti Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatdan keçən namizədlər olub. Bununla əlaqədar imtahan mərkəzlərinin çoxu Bakı şəhərində olacaq. İmtahanların keçirilməsi üçün Bakı şəhərində 10-na yaxın mərkəz hazırlanır.
Diqqətə çatdırılıb ki, magistratura səviyyəsi üzrə təhsil alan namizədlər də müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Nəticədən asılı olaraq həmin şəxslər işə qəbul ola bilərlər. Eyni zamanda, təhsil almaq formaları və iş rejiminin uyğunlaşmasından asılı olaraq onlarla əmək müqaviləsi imzalana bilər.
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sertifikatlaşdırma qaydaları təsdiq edilib. Müəllimlərin sertifikasiyası prosesinin ilkin mərhələsinin bu təqvim ilinin sonuna kimi keçirilməsi planlaşdırılıb. Bu mərhələdə iştirak edən və nəticə göstərən müəllimlərin də iş yerinin dəyişdirilməsinə həmin müsabiqə nəticəsində baxıla bilər. Eyni zamanda, ikili ixtisas sahibləri də bu mərhələdə iştirak edərək ixtisas üzrə topladıqları nəticəyə uyğun olaraq həmin ixtisas üzrə dərs yükü ilə təmin oluna bilərlər", - deyə Eşqi Bağırov qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər