Beynəlxalq vebinarda Bakı Dövlət Universiteti müəlliminin məruzəsi dinlənilib

Beynəlxalq vebinarda Bakı Dövlət Universiteti müəlliminin məruzəsi dinlənilib Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov Hindistanda fəaliyyət göstərən “Urdu dilinin İnkişafı üzrə Milli Şura” (Urdu Council) və bu ölkənin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Elektronika və sosial media əsrində urdu dili mütəxəssislərinin vəzifələri” mövzusunda beynəlxalq vebinarda iştirak edib.
Danimarka, Almaniya, Kanada, Hindistan, Pakistan, Banqladeş və Misirdən olan alimlərin iştirak etdiyi konfransda Azərbaycan Bakı Dövlət Universiteti ilə təmsil olunub. Hindistanın Təhsil naziri Ramesh Pokriyalın da qatıldığı vebinarda Eldost İbrahimov “Qloballaşma dövrü və virtual məkanda urdu dilinin problemləri və həll yolları” mövzusunda məruzə ilə çıxış edib. O, müasir dövrdə urdu dilinin inkişaf istiqamətləri və bu dilin təbliği üçün Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində yetişdirilən mütəxəssislərin fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycanda urdu dilinin tədrisini yüksək qiymətləndirən tədbir iştirakçıları təmsil etdikləri ali məktəblərin müvafiq şöbələri ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Urdu dili şöbəsi arasında əməkdaşlığa maraqlı olduqlarını vurğulayıblar.
Vebinar urdu dilinin müasir texnika erasında inkişafı, problemlər və həll yolları kimi məsələlər ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər