Oktyabr ayında türk dövlətləri təhsil nazirlərinin görüşü keçirilə bilər

Oktyabr ayında türk dövlətləri təhsil nazirlərinin görüşü keçirilə bilər Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdıralı ilə Azərbaycanın Təhsil naziri Emin Əmrullayev arasında telefon danışığı olub.
BTA-nın prezidenti Emin Əmrullayevi Təhsil naziri təyin olunması münasibətilə təbrik edib, yeni vəzifəsində, həmçinin yeni tədris ilində ona uğurlar arzulayıb.
Azərbaycanın bu il Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrlik etdiyini vurğulayan təşkilat rəhbəri, fəal əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.
Görüşdə koronavirus epidemiyasının yayılmasının mənfi təsirlərindən asılı olmayaraq, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinin, elm və təhsil sahəsində birgə layihələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Qarşıdakı aylarda böyük mütəfəkkir Əl-Fərabinin 1150, Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illiyinin beynəlxalq videokonfransla Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə qeyd edilməsi barədə razılıq əldə olunub.
Eyni zamanda, Azərbaycan tərəfi BTA Elmi Şurasının növbəti iclasının oktyabr ayında keçirilməsini təklif edib. Qeyd edək ki, hazırda Azərbaycanın sədrlik etdiyi Elmi Şuraya BTA-nın prezidenti və üzv dövlətlərin təhsil nazirləri daxildir.
İkitərəfli əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsinin aparıldığı telefon görüşməsində Təhsil naziri Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yaxından izlədiyini, Azərbaycanla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər