Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan Azərbaycan Bayrağı

Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan Azərbaycan Bayrağı Ulu öndər Heydər Əliyev demişdir: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir".
9 noyabr - Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Milli varlığımızın, suverenliyimizin, həmrəyliyimizin, gücümüzün rəmzi olan Azərbaycan Bayrağının 102 il öncə təsdiqləndiyi bu gün minlərlə şəhidimizin al qanı ilə suvarılan Vətənimizin qürur mənbəyidir. Rənglərinin simvolikası ilə məramını ifadə edən müqəddəs bayrağımız milli kimliyimizin rəmzidir. Dövlətimizin başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü qeyd edilir.
Bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin "Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan Azərbaycan Bayrağı" sərlövhəli məqaləsində yer alıb.
Suverenliyimizin rəmzi olan bayrağımız dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda edən oğul və qızlarımızın qanı ilə boyanıb. Milli yaşam fəlsəfəmiz olan bayrağımızın rəngləri ilə bağlı ideyaları ümummilli liderimiz Heydər Əliyev öz dühası ilə əbədiləşdirib və dünya durduqca var edib. Hələ dövlət müstəqilliyimizi bərpa etməmişdən öncə - 1990-cı il noyabrın 17-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağımızı muxtar respublikanın dövlət bayrağı kimi təsdiq etdi. Bu, olduqca cəsarətli və uzaqgörən bir addım idi, eyni zamanda, müstəqilliyimizə gedən yolda ciddi dönüş nöqtəsi idi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizi bərpa etdikdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağımız da bərpa edildi. "Türkləşmək, müasirləşmək, islamlaşmaq" ideyasını rənglərində əbədiləşdirən bayrağımız müasir Azərbaycanın tarixi dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirir, bu ənənələri inamla yaşadır.
Milli ruhun dirçəldilməsi, milli təfəkkür və azərbaycançılıq ideologiyasının, adət-ənənələrimizin, tariximizin yaşadılması, xalqımızın milli maraqlarının daim qorunub saxlanılması ümummilli lider Heydər Əliyevin Vətənə, xalqına bağlılığından irəli gəlir. Bayrağımızdakı mavi rəngin ifadə etdiyi türkçülük ideyalarını möhkəmləndirən, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etməklə azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan Ulu Öndər sonrakı illərdə imzaladığı sərəncamlarla milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına daha geniş imkanlar yaratdı. Ölkədə demokratik islahatlara başlamaqla qırmızı rəngin rəmzinə uyğun olaraq müasirliyin, dünya birliyinə inteqrasiyanın təməli daha möhkəm əsaslarla qoyuldu.
Ölkəmizin dinamik inkişafı ilə bağlı müəyyənləşdirilən prinsiplərə, yeni dövrün reallıqlarına uyğun konsepsiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi ilə sonrakı illərdə ölkəmizin dünya birliyində mövqeyi daha da möhkəmləndi, dövlətimiz dünya birliyində liderlik səviyyəsinə yüksəldi. İslamı milli kimliyimizin bir dəyəri kimi qiymətləndirən Ulu Öndərimizin xidmətləri sayəsində məscidlərə, ibadətgahlarımıza diqqət və qayğı artırıldı.
Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda nadir memarlıq nümunəsi olan Dövlət Bayrağı Meydanının yaradılması Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərdi.
Bu gün şanlı bayrağımız bütün tarixi və əlamətdar günlərdə, dövlət rəhbərimizin rəsmi səfərlərində, beynəlxalq tədbirlərdə, yarışlarda, olimpiadalarda Azərbaycanın adını yüksəldiyi ucalıqlardan qürurla dünyaya çatdırır, varlığımızı, milli mənsubiyyətimizi inamla təsdiqləyir. Azərbaycan bayrağı bütün dövlət təşkilatlarının, diplomatik korpusların və nümayəndəliklərin binaları üzərində müstəqilliyimizin rəmzi kimi dalğalanır, beynəlxalq tədbirlərdə dünya dövlətlərinin bayraqları arasında Azərbaycanın rəmzi kimi əzəmətlə dayanır. Öyündüyümüz bayrağımızın belə yüksəkliklərdə görünməsi Prezident İlham Əliyevin ləyaqətlə davam etdirdiyi siyasətin, müstəqilliyimizin tərənnümüdür.
Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəsdir. Vətən uğrunda haqq savaşımızın davam etdiyi bir dövrdə xalqımızın mərd oğulları bayrağımıza canıyla, qanıyla bağlı olduğunu, dəyər verdiyini bir daha sübut edir.
Bu həssas və taleyüklü günlərdə dövlətimizin başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti Qarabağın tamamilə düşmən tapdağından azad olunması arzumuzun ən yaxın zamanda gerçəkləşəcəyinə xalqımızda birmənalı əminlik yaradır.
Sentyabrın 27-dən uğurlu əks-hücum əməliyyatlarına başlayan müzəffər ordumuz 30 il boyunca torpaqlarımızı işğal altında saxlayan, tarixi ərazilərimizdə müdafiə istehkamları quran ermənilərə və onların havadarlarına elə bir dərs verdi ki, onlar heç vaxt bu dərsi unutmayacaqlar. Uzun illər idi ki, kiçikdən-böyüyə hər kəs torpaqlarımızın düşmən tapdağından azad olmasını gözləyirdi və bu arzu ilə yaşayırdı.
Bu gün haqq savaşımızda bayrağımız da Vətənə çevrilib, Vətən uğrunda vuruşan hər kəs isə bir bayraqdar vəzifəsini daşıyır. Bu gün bayrağımız azad edilmiş ərazilərimizə sancılır. Və bununla daha da müqəddəsləşir, ülviləşir şanlı bayrağımız. Bu taleyüklü və eyni zamanda, qürurlu günlərdə Prezident İlham Əliyev öz qətiyyətini, cəsarətini, sözünün sahibi olduğunu, xalqa, Vətənə, torpağa bağlılığını, milliliyini, humanistliyini, siyasi dahiliyini, prinsipiallığını və əlbəttə ki, sərkərdəliyini bütün dünyaya bir daha nümayiş etdirir.
Qarabağın işğaldan azad edilməsi uğrunda haqq savaşımızın davam etdiyi dövrdə paytaxt Bakımızın və eləcə də bütün ölkəmizin hər tərəfi üçrəngli bayrağımıza bürünüb. Bu günlər bayrağımız əvvəlki illərdən daha əzəmətlə, qürurla dalğalanır. Bayrağımız da sevinir - insanlarımız kimi. İnsanlar evlərində, iş yerlərində, maşınlarında üçrəngli bayrağımızı dalğalandırırlar. İnsanın ürəyini dağa döndərən bu görüntülər ordumuza, vətənimizə və eyni zamanda, bayrağımıza sevgimizi nümayiş etdirir.
2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət və mükəmməl hərbi əməliyyatlar nəticəsində müzəffər ordumuz Şuşanı düşmən tapdağından azad etdi, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayrağına büründü Azərbaycan.
Bakı Dövlət Universitetinin bütün korpuslarında dalğalanan üçrəngli bayrağımız sadalanan və sadalanmayan bütün uğurlarımızın müjdəçisidir. Müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımızın dalğalanacağı daha böyük, müqəddəs ünvanlar bizi gözləyir. Bu ünvanların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə fəth ediləcəyinə əmin olan xalqımız səbirsizliklə və qürurla Böyük Qələbə xəbərini gözləyir.
Bayrağımızın əbədi dalğalanacağı məkan isə bəllidir - xalqımızın ürəyi və Vətən torpağımızın ən hündür zirvələri! Bu bayraq bir dəfə yüksəldisə, bir daha enməyəcək... Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəndən sonra dövlət bayrağımız Qarabağın hər bir qarışında, işğaldan azad edilmiş bütün ərazilərimizdə - Xankəndidə, Laçında, Ağdamda, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə... dalğalanacaq. O günü biz hər an daha da yaxınlaşdırırıq. O zaman Azərbaycan Bayrağı bir başqa ucalıqda görünəcək. Zirvələrə ucalan bayrağımız daha qürurla və məğrurluqla dalğalanacaq. Bəri başdan həmin günü salamlayırıq!
Eşq olsun Azərbaycan Bayrağını Qarabağda əzəmətlə dalğalandıran Müzəffər Ali Baş Komandanımıza!
Eşq olsun Azərbaycan xalqına və şanlı Azərbaycan Ordusuna!

Tehsil-press.az

Oxşar xəbərlər