9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür Heç kəsə sirr deyil ki, “Bayraq” bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri də onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir və hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Tarixdən bu günə qədər müxtəlif xanlıqların, toplumların, xalqların tanınması üçün özlərinə məxsus bayraqları olub. Məhz bu gün gördüyümüz, ehtiram etdiyimiz, müqəddəs bildiyimiz, uğrunda şəhid olmağa hazır olduğumuz üç rəngli bayrağımız 1918-ci il noyabrın 9-da Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı qərara əsasən yaradılır. Həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
Lakin baş verəın müharibələr, dəyişən siyasi xətt bayrağın uzun müddət səmalarda dalğalanmasına mane oldu. Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda 91 nəfərdən ibarət ziyalıların və xalqın təkidi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti respublikada baş verən kriminogen durumun, özbaşınalığın qarşısını almış, ictimai-siyasi sabitlik təmin editmiş, ölkənin parçalanmasına yönəlmiş separatçıların cəhdlərini uğursuzluğa uğratmışdır. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.
Artıq o acınacaqlı dövrlər geridə qaldı və bu gün Ümumilli lider Heydər Əliyev dediyi kimi: “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsi bu gün öz təsdiqini tapır. Azərbaycanın Milli Bayrağını bir çox mötəbər tədbirlərin keçirildiyi məkanların qarşısında dalğalanması, beynəlxalq turnirlərdə ön sıralarda olması, artıq dünya ölkələrinin qısa bir zaman kəsiyində Azərbaycanın Milli Bayrağını tanıması qürurvericidir.
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Ulu Öndərin bizə ərməğan qoyduğu müasir və müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dünyanın ən uca bayrağı Bakıda, Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində qoyulmuşdur.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.
Dövlətimizin başçısının həmin mərasimdə səslənən tarixi nitqində deyilir- "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!"

Nəzakət Əsgərova,
Bakı şəhər humanitar fənnilər təmayüllü məktəb-liseyin direktoru


Oxşar xəbərlər