
Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.
O bildirib ki, möhtəşəm qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın ailəsinin yaşayış şəraitinin ağırlığı nəzərə alınaraq, sosial tərəfdaşların dəstəyi ilə həmin ailə üçün yaxın günlərdə üçotaqlı fərdi yaşayış evinin tikilməsinə qərar verilib.
"Şəhidin hər iki valideyni - atası Alışov Cəlil Əliisgəndər oğlu, anası Alışova Məhluqə Tufanəli qızı işsiz olduğundan özünüməşğulluq proqramına cəlb ediliblər. Proqram çərçivəsində ailəyə seçdiyi kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat yaradılacaq.
Həmçinin, şəhidin 14 və 11 yaşlarında iki qardaşından birinin sağlamlıq durumu ilə bağlı sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinə ehtiyac var. Lakin valideynlərin məlumatsızlığından bununla bağlı indiyədək müraciət etməyiblər. Ona görə də əməkdaşlarımız ailəyə bu istiqamətdə də dəstək göstərəcək. Həkim rəyi alınmaqla rayon səhiyyə müəssisəsi ilə birgə bu yöndə iş aparılacaq.
Zəruri sənədləşdirmə aparıldıqdan sonra ailəyə Prezidentin aylıq təqaüdü və müavinətlər də təyin olunacaq", - deyə Fazil Talıbov qeyd edib.
Tehsil-press.az