
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov: “Şagirdlərimizin riyaziyyat fənni üzrə nəticələrinin Avropanın bir sıra inkişaf etmiş ölkələrindən öndə, Cənubi Qafqazda isə ən yaxşı olması sevindirici haldır. Eyni zamanda, təbiət fənləri üzrə bu nəticəyə çatmalıyıq”.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara cığırdır. Bu sahədə ancaq irəliyə baxmalıyıq”.
Türkiyənin İstanbul Texnik Universitetinin professoru Elimxan Mahmudov şagirdlərin riyaziyyat göstəricilərini təqdir etdiyini və bunun gələcək illərdə digər beynəlxalq qiymərləndirmələrdə davam etməsinin vacibliyini diqqətə çatdırıb.
Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev bildirib ki, şagirdlərin riyaziyyat üzrə nəticələri yeni baxış üçün imkan yaradır: “Eyni zamanda, təbiət fənləri üzrə sistemli iş aparmaq qarşıya məqsəd kimi qoyulmalıdır. Unutmaq olmaz ki, XXI əsr həm də təbiət elmlərinin yeni kəşfləri ilə yadda qalacaq”.
ABŞ-ın Florida Texnologiya İnstitutunun professoru Uğur Abdulla qeyd edib ki, 58 ölkə arasında 28-ci mövqedə olmaq yaxşı nəticədir. Bu göstərici Azərbaycanda orta məktəblərin aşağı siniflərində riyaziyyatın tədrisinin dünya orta standartlarına uyğun olması deməkdir.
Tehsil-press.az