Bakı Dövlət Universitetində “Məzundan tələbəyə” adlı dəyirmi masa keçirilib

Bakı Dövlət Universitetində “Məzundan tələbəyə” adlı dəyirmi masa keçirilib Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “Məzundan tələbəyə” adlı dəyirmi masa təşkil olunub.
Onlayn tədbiri giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev bir əsrdən çox tarixə malik, ölkənin flaqman elm məbədi olan Bakı Dövlət Universitetinin təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə əhəmiyyətli təsir göstərmək qüdrətinə malik görkəmli şəxsiyyətlər yetişdirdiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğu böyük qürur hissi ilə xatırlanıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun rəşadəti sayəsində əldə olunan parlaq Qələbə, əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edib.
E.Babayev tələbə-gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, elmi və mədəni həyatında fəal iştirakına, Azərbaycan həqiqətlərinin dünyada geniş təbliği istiqamətində əvəzsiz rol oynadığına diqqət çəkib. Universitet-məzun əlaqələrinin əhəmiyyətindən danışan rektor bildirib ki, məzunların universitetdə aldığı biliklər onlara həyatda layiqli yer tutmaq üçün yardımçı olacaq.
Moderator, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edərək, tədbir iştirakçılarına fakültənin son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verib, tələbələrə yaradılan şəraitdən danışıb.
Sonra Çin Neft Universitetinin Geoloji mühəndislik ixtisası üzrə doktorantı Orxan Məmmədov, Buxarest Universitetinin geologiya və ətraf-mühit geotexniki mühəndisliyi ixtisası üzrə magistrantı Rüfanə Mirzəliyeva, “Schlumberger” şirkətində qazma məhlulları üzrə mütəxəssis Cəmilə Abdullayeva, Perugia Universiteti (İtaliya) və Norveç Elm və Texnologiya Universitetinin neft-qaz geologiyası ixtisası üzrə magistrantı Lalə Məmmədova, “Baker Huges” şirkətində korataj mühəndisi Məti Gülməmmədov, BDU-nun müəllimi Günay Hüseynova iştirakçılarla öz təcrübələrini bölüşüblər.
Çıxışlarda məzunlar öz tələbəlik illərindən, təqaüd proqramlarından danışıblar. Eyni zamanda, tələbə həyatı, dil problemi, dərs materiallarının əldə olunması, iş imkanları, asudə vaxtının təşkil edilməsi, sosial həyat kimi məsələlərə aydınlıq gətirilib.
Akademik Vasif Babazadə, dekan Məhluqə Məmmədova, professorlar Nazim İmamverdiyev, Vaqif Qadirov, Məmməd Çıraqov, Əli Novruzov, Aygün İsmayılova, Bahadur Kələntərov tələbə və məzunlara uğurlar diləyib və elmi potensiallarını inkişaf etdirmələri üçün tövsiyələrini veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər