Rektor Elçin Babayev: Bakı Dövlət Universitetinin elm və təhsilimizin inkişafında xidmətləri əvəzsizdir

Rektor Elçin Babayev: Bakı Dövlət Universitetinin elm və təhsilimizin inkişafında xidmətləri əvəzsizdir Bu gün bizim üçün, xalqımız üçün çox əlamətdar gündür. Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş şəkildə qeyd edilir. Yubiley tədbirlərinə tanınmış alimlər, məzunlar, müxtəlif qurumların rəhbərləri, xarici ölkə universitetlərinin rektorları, prorektorları qatılır.
Bunu universitetin rektoru Elçin Babayev BDU-nun təsis olunmasının 100 illik yubileyi münasibətilə noyabrın 25-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə müsahibəsində söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayan rektor BDU-nun elm və təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. E.Babayev qeyd edib ki, ötən 100 il ərzində universitetin 180 minə yaxın məzunu olub. Onların arasından çox görkəmli alimlər, şəxsiyyətlər çıxıb. Bakı Dövlət Universitetinin ən məşhur məzunu ümummilli lider, dünya şöhrətli siyasi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevdir.
Biz universitetin məzunları ilə fəxr edir, sonsuz qürur hissləri keçiririk.
Rektor ölkəmizin ayrı-ayrı rayonlarında və universitetlərində, eyni zamanda, Parisdə UNESKO-nun baş qərargahında, Rumıniyanın Buxarest Universitetində BDU-nun 100 illik yubileyinin qeyd olunduğunu deyib. Bildirib ki, yubileylə əlaqədar digər müxtəlif tədbirlər də həyata keçirilib, müsabiqələr, yarışlar təşkil olunub, Bakı Dövlət Universitetinin yubiley medalı buraxılıb.
Bu gün BDU-nun məzunlarının forumu keçirilir. Sabah isə böyük tədbir olacaq. 100 yaşlı Bakı Dövlət Universiteti elm və təhsilimizə bundan sonra da böyük töhfələr verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər