İlahiyyat İnstitutunda keçirilən “Gözəl Quran oxuma” müsabiqəsinin qalibləri müəyyənləşib

İlahiyyat İnstitutunda keçirilən “Gözəl Quran oxuma” müsabiqəsinin qalibləri müəyyənləşib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) onlayn formatda “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib.
Müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İnstitutun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, fakültənin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İslamşünaslıq kafedrasının müəllimi Faiq Əhmədzadə münsiflər heyətində təmsil olunublar.
Aİİ-nin rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək oxunan “Qurani-Kərim” ayələrinin Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ruhuna ithaf olunduğunu vurğulayıb, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Müsabiqənin əhəmiyyətini vurğulayan A.Şirinov qeyd edib ki, “Qurani-Kərim”i gözəl oxumaqla yanaşı, həm də mənasını anlamaq vacibdir. Rektor ali təhsil müəssisəsində istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif müsabiqələrin davamlı olaraq keçiriləcəyini nəzərə çatdırıb və tələbələrə uğurlar arzu edib.
Sonra Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə tövsiyələrini verib, həmçinin müsabiqənin şərtləri haqqında məlumat verib.
Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. “Gözəl Quran oxuma” müsabiqəsində ikinci kurs tələbəsi Murad Kərəmov birinci yerə, ikinci kurs tələbəsi Ramazan Qardaşov ikinci yerə, birinci kurs tələbəsi Kənan Əliyev isə üçüncü yerə layiq görülüb.
Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər