ATU-da buraxılış kurslarının sessiya imtahanları

ATU-da buraxılış kurslarının sessiya imtahanları Azərbaycan Tibb Universitetində (ATU) bütün fakültələr üzrə buraxılış kurslarının sessiya imtahanlarına start verilib.
İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova əczaçılıq fakültəsi tələbələrinin imtahanlarını onlayn qaydada verdiklərini diqqətə çatdırıb. Bildirib ki, adıçəkilən fakültədə əcnəbi tələbələrin sayı yerli tələbələrdən çoxdur: “Əcnəbi tələbələr pandemiyaya görə öz ölkələrindədirlər. Onlar çoxluq təşkil etdiyi üçün bu fakültədə oxuyan bütün tələbələr onlayn şəkildə imtahan verirlər. Amma digər fakültələrin tələbələrindən İmtahan Mərkəzinin zallarında ənənəvi qaydada imtahan götürülür”.
Ü.Cəfərova qeyd edib ki, bu il əczaçılıq və stomatologiya fakültələrinin tələbələri üçün imtahana açıq tipli suallar salınıb. 25 sualın hər biri 2 balla qiymətləndirilir. Açıq tipli test tapşırıqları olan fakültələrdə 15-i baza sualı, 10-u isə açıq tiplidir. Açıq tipli sualların tətbiqinin məqsədi tələbələri əzbərçilik vərdişlərindən uzaqlaşdırmaqdan ibarətdir.
II müalicə-profilaktika fakültəsinin V-VI kurs üzrə dekan müavini Arzu Bəydəmirova isə bildirib ki, fakültənin VI kurs tələbələrinin 2-ci imtahanları gedir: “Tələbələrimizin əksəriyyəti təyin edilmiş vaxtda imtahanları verirlər. İmtahana buraxılmamışdan öncə hər birinin hərarəti yoxlanılır. Onlar tibbi maska ilə təmin edilir”.
Qeyd edək ki, imtahan prosesinin mayın 31-də başa çatması nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər