“Mühəndislər üçün biznes təhsili” layihəsini bitirənlərə sertifikat verildi

“Mühəndislər üçün biznes təhsili” layihəsini bitirənlərə sertifikat verildi Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu yekunlaşıb.
Bakı Ali Neft Məktəbini, ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan və kursu uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.
İştirakçılara sertifikatları təqdim edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları təbrik edib.
Sözügedən universitetlərin mühəndislik ixtisasları üzrə təhsil alan 50-dək III, IV və V kurs tələbəsi 2 həftə müddətində 6 modul üzrə təlim keçiblər. Bura “Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik” modulları daxildir. Kurs bütünlükdə ingilis dilində aparılıb.
Qeyd edək ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsidir.

Tehsil-press.az



Oxşar xəbərlər