AzMİU: Memarlıq ixtisasını seçənlərin qabiliyyət imtahanı başlanıb

AzMİU: Memarlıq ixtisasını seçənlərin qabiliyyət imtahanı başlanıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə (I qrup) qabiliyyət imtahanı başlayıb.
Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələri - Rövşən Əsədov, Aygün İskəndərova, Səbinə Vəliyeva, Mehriban Cəfərsoy, Günel İsmayılova, eləcə də Memarlıq fakültəsinin müəllimləri nəzarət edirlər. İmtahanın ilk günündə 65 abituriyent qeydiyyatdan keçib. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə 5 akademik saat vaxt verilir.
İmtahan prosesi universitetin idman zalında təşkil olunub, tələbələrin təhlükəsizliyi üçün bütün profilaktik tədbirlər görülüb. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunub. Binaya daxil olan abituriyentlərin əvvəlcə elektron termometrlə bədən hərarətləri ölçülüb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunduqdan sonra maska taxaraq imtahan zalına buraxılıblar. Zalda iştirakçılar sosial məsafə gözlənilməklə 10 nəfərlik qruplar şəklində yerləşiblər.
Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 211 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Onu da qeyd edək ki, abituriyentlərin tapşırıqları memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri və DİM-in əməkdaşları tərəfindən qiymətləndiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər