ADU-da Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə seminar həsr olunub

ADU-da Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə seminar həsr olunub Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi institutları gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş onlayn seminar keçirilib.
Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər - bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. O, Azərbaycanda ibtidai və orta məktəblərdə Çin dilinin tədrisi və Çin mədəniyyətinin təbliği ilə bağlı Konfutsi İnstitutunun planlarından danışıb.
Seminarda çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Konfutsi tərəfindən çox əhəmiyyətli hesab edilən təhsilin vacibliyini vurğulayıb. R.Abbasov, həmçinin təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb.
Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen Konfutsi tədrisinin inkişafının əsas mərhələlərindən, kateqoriyalarından və prinsiplərindən, konfutsiçiliyin etik-siyasi təlimlərindən, eləcə də konfutsiçiliyin müasir Çinin təhsil və elminin inkişafına təsirindən danışıb. O, həmçinin Konfutsinin təhsilə, təbiətlə insan arasındakı harmoniya anlayışına və müstəqil düşüncənin inkişafına dair məşhur kəlamlarını xatırladıb.
Seminar Konfutsinin kəlamlarına dair viktorina ilə başa çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər