Dillər Universiteti: Argentina ilə elmi əməkdaşlıq uğurla davam etdirilir

Dillər Universiteti: Argentina ilə elmi əməkdaşlıq uğurla davam etdirilir Azərbaycan Dillər Universitetində (ADU) Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüş keçirilib.
Tədbirdə çıxış edən tədris işləri üzrə prorektor professor Sevinc Zeynalova son illər Azərbaycan-Argentina əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Qeyd olunub ki, bu münasibətlər təhsil sahəsində də özünü müsbət mənada göstərir. ADU-da fəaliyyət göstərən beynəlxalq mərkəzlər barədə məlumat verən prorektor reallaşa biləcək layihə və proqramların perspektivlərindən söhbət açıb.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli universitetdə tədris olunan fənlərin beynəlxalq əlaqələrin qurulmasında və əməkdaşlıq baxımından yeni istiqamətlərin müəyyən edilməsində rolunu vurğulayıb. Azərbaycan-Argentina münasibətlərindən danışan dekan gələcəkdə elmi əlaqələrin qurulması baxımından uğurlu addımların atılacağına əminliyini bildirib.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Argentina ilə elmi əməkdaşlıq uğurla davam etdirilir. Artıq bir neçə layihə, proqram və dərslik hazırlanaraq təqdim olunub. Argentinanın tarixi, turizmi ilə bağlı elmi araşdırmalar aparılıb və toplu halında kitablar çap olunub.
Həmin kafedranın dosenti Aqil Şahmuradov Azərbaycan-Argentina elmi əlaqələrindən söhbət açıb. “Argentinanın iqtisadiyyatı”, “Argentinanın coğrafiyası” və “Argentinanın etnoqrafiyası” kitablarının əhəmiyyəti xüsusi qeyd olunub.
Argentina səfiri universitetlərin ölkələrarası münasibətlərin inkişafında rolundan danışıb. O bildirib ki, ölkəsindəki müxtəlif turizm şirkətləri Argentinadan Azərbaycana turist gətirmək istəyir. Onların ispan dilini bilən bələdçi və tərcüməçilərə ehtiyacı var ki, bu da həm ADU-nun məzunları, həm də tələbələri üçün yeni iş yerləri deməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər