ADU-nun Konfutsi İnstitutu il ərzində Azərbaycan-Çin əməkdaşlığına dair 50-dən çox elmi seminar keçirib

ADU-nun Konfutsi İnstitutu il ərzində Azərbaycan-Çin əməkdaşlığına dair 50-dən çox elmi seminar keçirib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun təqdimatı keçirilib.
Təqdimat mərasimində Vətən müharibəsi şəhidi mayor Ruslan Cəfərovun övladı, Pekin Texnologiya Universitetinin Kompüter elmləri və texnologiyaları fakültəsinin 1-ci kurs tələbəsi Raul Cəfərov çıxış edib.
R.Cəfərov onlayn təqdimatında çinli sinif yoldaşlarına və müəllimlərinə ADU-da çinşünaslıq təhsili və elminin uğurlu inkişafından, Konfutsi İnstitutunun tədris və ictimai-maarifçilik fəaliyyətindən, Çinin “Bir kəmər - bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlarından söz açıb. O bildirib ki, Konfutsi İnstitutunun əsas məqsədi Azərbaycanda Çin dilini və mədəniyyətini təbliğ etmək, ölkələrimiz arasında təhsil və mədəniyyət mübadiləsini genişləndirməkdir. R.Cəfərov Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə ADU-nun Konfutsi İnstitutunun nəşr etdiyi “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabından da danışıb. O, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində çapdan çıxmış toplu haqqında da məlumat verib. Həmçinin il ərzində ADU-nun Konfutsi İnstitutu tərəfindən Azərbaycanla Çin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığa həsr olunan 50-dən çox elmi seminarın keçirildiyi diqqətə çatdırılıb.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov da son dövrlərdə tələbələr arasında Çin dilinə olan maraqdan, təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin xüsusi əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, bu günlərdə ADU-nun Konfutsi İnstitutu Beynəlxalq Çin Dili Təhsil Fondu adından “2021-ci ilin görkəmli Konfutsi İnstitutu” mükafatına layiq görülüb.

Tehsil-press.az



Oxşar xəbərlər