Tanınmış professor Rusiya Ali İqtisadiyyat Məktəbində aparılan tədqiqatların nəticələrini UNEC-də bölüşüb

Tanınmış professor Rusiya Ali İqtisadiyyat Məktəbində aparılan tədqiqatların nəticələrini UNEC-də bölüşüb Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Riyaziyyat departamentinin rəhbəri, Qərarların Seçimi və Təhlili Beynəlxalq Mərkəzinin direktoru professor Fuad Ələsgərovun təqdimatında UNEC-də “Qərarların seçimi və təhlili beynəlxalq mərkəzinin araşdırmaları” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tanınmış alim, müasir seçim nəzəriyyəsinin yaradıcılarından biri, Rusiya Federasiyasının fəxri elm xadimi, Avropa Akademiyasının üzvü professor Fuad Ələsgərovun elmi fəaliyyəti barədə məlumat verib.
Seminarın məruzəçisi professor Fuad Ələsgərov rəhbərlik etdiyi Mərkəzin fəaliyyətindən danışıb. Bildirib ki, Mərkəzin əsas vəzifəsi qərarların qəbulu, təhlili və dəstəklənməsi sahəsində tətbiqi və fundamental elmi tədqiqatların, ekspertizaların aparılmasıdır. Həmçinin təhsil, elm və konsaltinq bazarında Mərkəzin mövqeyinin gücləndirilməsinə və genişlənməsinə töhfə verməkdir.
Professor, həmçinin Mərkəz tərəfindən qərarların təhlili və dəstəklənməsi istiqamətində iqtisadiyyatın, informatikanın, idarəetmənin, dövlət idarəçiliyinin konkret sahələri üzrə aparılan tədqiqatların nəticələrini seminar iştirakçıları ilə bölüşüb. Qlobal istiləşmə, iqtisadi böhran, ekologiya, miqrasiya problemləri, həmçinin pandemiya ilə mübarizə sahəsində fundamental tədqiqatların aparılmasına ehtiyac duyulduğunu bildirib.
Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər