COVID-19 əleyhinə “Moderna” vaksini ABŞ-da tam qəbul olunub

COVID-19 əleyhinə “Moderna” vaksini ABŞ-da tam qəbul olunub ABŞ-ın Ərzaq Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi Amerikanın “Moderna” əczaçılıq şirkətinin COVID-19 əleyhinə vaksinini tam bəyənib. Vaksin “Spikevax” adı altında satışa buraxılacaq.
Vaksin ABŞ-ın Ərzaq Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin hələ 2020-ci ilin dekabrından təcili hallarda istifadə edilməsi barədə icazəsinə müvafiq olaraq, Birləşmiş Ştatlarda və dünyada geniş yayılır. Bu, 2021-ci ilin avqustunda bu nişanı alan “Pfizer”dən sonra qurum tərəfindən koronavirus əleyhinə tam bəyənilən ikinci vaksindir.
Qurumun komissarı səlahiyyətlərini icra edən Canet Vudkokun müraciətində deyilir ki, vaksindən istifadəyə tam icazənin verilməsi COVID-19 pandemiyası ilə mübarizədə mühüm addımdır. O bildirib ki, bu vaksinin tam bəyənilməsi bəzi insanlar üçün peyvəndlənmək barədə qərarın qəbul edilməsində əlavə əminlik yarada bilər.
Vudkok vurğulayıb ki, ictimaiyyət Birləşmiş Ştatlarda istifadə üçün bəyənilən hər hansı vaksinə təqdim edilən təhlükəsizlik, effektivlik və istehsal keyfiyyəti ilə bağlı tələblər baxımından “Moderna” vaksininin yüksək standartlara uyğunluğuna əmin ola bilər. “Moderna” vaksini dünyanın 70-dən çox ölkəsində, o cümlədən Böyük Britaniya, Kanada, Yaponiya və Avropa İttifaqına üzv ölkələrdə istifadə üçün qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər