İlahiyyat İnstitutunun qış məktəbi seminar və ziyarətlərlə davam edib

İlahiyyat İnstitutunun qış məktəbi seminar və ziyarətlərlə davam edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda qış məktəbinin dördüncü günü seminar və ziyarətlərlə davam edib.
Günün birinci yarısında tələbələr üçün Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya və incəsənət fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Müşfiq Bayramovun təqdimatında seminar təşkil olunub. “Azərbaycanın Cənub-Şərq bölgəsinin muzeydənkənar tarix və mədəniyyət abidələri” mövzusunda məruzə edən dosent Müşfiq Bayramov bildirib ki, bəşəriyyətin və ayrılıqda hər bir xalqın mədəniyyəti bir çox mənbələrdə əks olunur. Bu qiymətli irs nəsildən-nəslə ötürülməlidir. Bu mədəni dəyərlərin istər ictimai, istərsə də tərbiyəvi əhəmiyyəti böyükdür.
Mövzunun mahiyyətini açıqlayan Müşfiq Bayramov qeyd edib ki, mədəni sərvətlərin çox hissəsi məhz olduğu yerdə qorunub saxlanıldığına və nümayiş olunduğuna görə, onları muzeydənkənar abidələr də adlandırırlar. Muzey əşyaları kimi bu abidələr də xalqın keçmişini, mədəniyyət və incəsənətini öyrənməkdə əsaslı mənbə qismində əhəmiyyət kəsb edir. Azərbaycanda muzeydənkənar abidələr haqqında söhbət açan Müşfiq Bayramov bildirib ki, ölkəmizdə mövcud olan abidələrin sayı və şəbəkəsi zəngin, tarixi isə çox qədimlərə təsadüf edir. Layihə iştirakçıları günün ikinci yarısında “Seyid Xəlifə” türbəsini ziyarət ediblər.
Xatırladaq ki, fevralın 11-dək davam edəcək qış məktəbinin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural durum və tolerant mühitlə daha yaxından tanış olmalarıdır.

Tehsil-press.az



Oxşar xəbərlər