ADPU Almaniyanın Fridrix Aleksandr Universiteti ilə əməkdaşlıq edir

ADPU Almaniyanın Fridrix Aleksandr Universiteti ilə əməkdaşlıq edir Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Müsəlman dünyası ilə ali təhsil dialoqu” proqramı çərçivəsində Almaniyanın Nürnberq şəhərində yerləşən Fridrix Aleksandr Universiteti (FAU) ilə əməkdaşlıq edir.
Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşdirilən layihə Almaniyanın FAU, Qazaxıstan Milli Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında elmi dialoq xarakteri daşıyır.
Layihənin ilkin mərhələsində ADPU-nun 2 fəlsəfə doktoru, 2 doktorantı və 1 məzunu keçirilən görüşlərdə iştirak edib. Layihənin ikinci ilində fəaliyyətlərə start verilib.
Cari ildə isə layihə çərçivəsində ADPU 1 nəfər inzibati, 3 nəfər akademik, 3 nəfər tələbə heyəti üzvü olmaqla 7 nəfər tərəfindən təmsil edilir. Təmsilçilər beynəlmiləlləşmə, beynəlxalq təhsil mövzularında keçirilən seminarlarda iştirak edib və təqdimatlar hazırlayaraq 3 ölkənin nümayəndələri ilə müzakirələr aparıblar.
Nürnberqdə yerləşən Ziqmund-Şukert gimnaziyasını ziyarət edən layihə komandası şagirdlərlə alman təhsil sistemi ilə bağlı müzakirələrdə iştirak edib. Səfər zamanı təmsilçilər ADPU-nun FAU-da magistr səviyyəsi üzrə təhsil alan tələbəsi Həyat Nəsirova ilə görüşərək müxtəlif mövzularda müzakirələr aparıb.
Layihə çərçivəsində bir həftə davam edən Nürnberq səfərində ADPU Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, mərkəzin müəllimləri Mirvari Qasımova, Jalə Səmədova, Təhsilin təşkili və idarə olunması ixtisasının magistrantları Gülnar Mirhüseynova və Solmaz İbadova, Filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasının tələbəsi Nəzakət Əliyarova tərəfindən təmsil olunub.
ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova layihə çərçivəsində “Mübadilə proqramları beynəlmiləlləşmə vasitəsi kimi” mövzusunda 1 ay FAU-da tədqiqat aparacaq.

Tehsil-press.az

Oxşar xəbərlər