15 İyun - Azərbaycanın taleyini dəyişən zəfər tarixi

15 İyun - Azərbaycanın taleyini dəyişən zəfər tarixi Azərbaycan tarixində elə məqamlar olub ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə hakimiyyətə qayıtması da belə tarixi hadisələrdən biridir. Xalqımız hər il 15 İyun gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi bayram edir.
Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova deyib. O qeyd edib ki, müasir tariximizin bir qərinəlik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü atdıqları səhv addımlarla qısa zamanda xalqın inamını tamamilə itirmişdi. Bununla belə, səhv siyasət yürüdənlər hakimiyyətdən əl çəkmək istəmirdilər. 1993-cü ilin yayında baş verənləri isə xalqın taleyi ilə oynayan səriştəsiz, qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə atması kimi dəyərləndirmək olar. Ulu öndər Heydər Əliyev Bakıya iyunun 9-da gəldi, iyunun 13-də Gəncəyə getdi, orda baş verənləri öz gözləri ilə gördü və dəqiq vəziyyəti müəyyənləşdirdi. Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən qurtardı. Belə ağır bir məqamda - iyunun 15-də Milli Məclis Heydər Əliyevi Ali Sovetin sədri seçdi. Müasir tariximizdə yeni mərhələnin başlanğıcına qədəm qoyuldu.
Heydər Əliyev parlamentin sədri seçiləndən iki gün sonra Prezident Ə.Elçibəy Kələkiyə getdi və qayıtmadı. Bundan sonra Heydər Əliyev prezident səlahiyyətlərini də icra etməli oldu. Məhz Heydər Əliyevin qətiyyəti, gecəli-gündüzlü gərgin fəaliyyəti sayəsində vətəndaş müharibəsinin, ölkənin parçalanmasının və separatizmin qarşısı alındı.
Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.
Alim vurğulayıb ki, 15 İyun - Milli Qurtuluş Günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün bu, əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan bir insandır - Heydər Əliyev. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli istiqlal arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası”nı elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev böyük çətinlikləri dəf etməli oldu. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı.
“Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş sanballı addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”, - deyə Z.Əsgərova fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər