AzTU: Qazi və Ankara universitetləri ilə müzakirələr aparılıb

AzTU: Qazi və Ankara universitetləri ilə müzakirələr aparılıb Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri Vaqif Qasımov, assistent Anar İsmayılov, Elektrotexnika kafedrasının dosenti Əhməd Məmmədov və baş müəllim Əyyar Məmmədov Türkiyənin Qazi və Ankara universitetlərində olublar.
Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Texniki Universitetin qalib olduğu layihə çərçivəsində həyata keçirilib. Layihə “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” mövzusuna həsr edilib.
Səfər çərçivəsində AzTU-da 2022/2023-cu il tədris ilindən başlayaraq Qazi və Ankara universitetləri ilə birgə həyata keçiriləcək ikili diplom proqramlarının icrası ilə bağlı müvafiq fakültə və kafedralarda görüşlər keçirilib, tədris planlarının və proqramlarının müzakirəsi aparılıb.
AzTU nümayəndələri Qazi və Ankara universitetlərinin Kompüter mühəndisliyi kafedrasının laboratoriyaları, o cümlədən Kompüter avadanlıqları, mikroprosessor sistemləri, Dövrələr analizi, Rəqəmsal sistemlər, Veb-dizayn, Embedded systems və s. laboratoriyaları, eləcə də Qazi Universitetinin Elektrik və elektronika kafedrasının laboratoriyaları ilə yaxından tanış olublar.
Nümayəndə heyəti səfər çərçivəsində Türkiyə universitetlərinin bir sıra fakültələrinin dekanları və kafedra müdirləri ilə də müxtəlif görüşlər keçiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər