Pakistanlı alimlər Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət ediblər

Pakistanlı alimlər Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət ediblər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində pakistanlı alimlərin qədim və tarixi şəhərimiz olan Gəncəyə səfəri təşkil olunub. Səfərin məqsədi Azərbaycanın qədim və zəngin mədəniyyətini, tarixini qonaqlara əyani şəkildə göstərmək və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət etmək olub.
Səfər dahi Nizami Gəncəvinin qəbri üzərində ucalan möhtəşəm məqbərəsinin ziyarəti ilə başlayıb. Qonaqları AMEA-nın Gəncə Bölməsinin İşlər idarəsinin müdiri Rasim Tağıyev, professor Xəlil Yusifli, Nizami Gəncəvi irsinin tədqiqatçısı dosent Əlimuxtar Muxtarov qarşılayıblar.
Professor Xəlil Yusifli pakistanlı qonaqlara şairin zəngin bədii irsi, onun milli kimliyi barədə ətraflı məlumat verib. Daha sonra böyük şairin atası Yusifin və anası Rəisənin məzarları, Nizami Gəncəvinin muzeyi ziyarət olunub. Nizami Gəncəvi məqbərə-kompleksinin müdiri Gülnarə İsmayılova, bələdçilər Hava Hüseynova, Ləman Nemətova Nizami Gəncəvinin yaradıcılığı haqqında, muzeydə saxlanılan eksponatlarla bağlı geniş və əhatəli məlumat veriblər.
Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən raket hücumu nəticəsində dinc sakinlərin qətl edildiyi ərazi ziyarət olunub.
Daha sonra qonaqlar şəhərin mərkəzində yerləşən Şah Abbas məscidi, Cavad xan türbəsi və Gəncə Dövlət Filarmoniyasında olublar. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncəyə səfər konfrans iştirakçılarında böyük təəssürat yaradıb.

Tehsil-press.az


Oxşar xəbərlər