Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsi anılıb

Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsi anılıb Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Təhsil Kompleksinin tarix muzeyində 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş Aida İmanquliyevaya həsr edilən fotoguşə ilə tanış olublar.
Mərasimdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, professor Aida İmanquliyevanın mənalı və şərəfli ömür yolundan danışıb, onun zəngin elmi yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb. Ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə Aida İmanquliyevanın Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini vurğulayan direktor alimin üç monoqrafiyanın (“Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”), çoxlu sayda elmi məqalələrin müəllifi olduğunu söyləyib.
Sara Xanlarova bildirib ki, Təhsil Kompleksi tərəfindən həyata keçirilən “Məşhur məzunlar” layihəsi bu məktəbin məzunu olmuş şəxsiyyətlərin əziz xatirələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədini daşıyır. Layihənin ilk əsəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirmiş, görkəmli alim Aida İmanquliyevaya həsr olunub. “Unudulmaz məzun - Aida İmanquliyeva” adlı kitabda görkəmli alimin həyat və yaradıcılığı ilə yanaşı, əsasən onun qızıl medal ilə bitirdiyi şərəfli məktəb illərindən bugünkü gənc nəsil üçün örnək olan əla qiymətlər aldığı fənn qiymətləri, kamal attestatı təsvir edilib.
Qeyd olunub ki, Aida xanım həm də xeyirxah, nəcib insan, qayğıkeş ana olub. Onun övladları - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri ilə örnəkdirlər.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd edib ki, Azərbaycanda ərəbşünaslıq sahəsində elmi məktəb yaradan professor Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda sanballı tədqiqatçısı kimi tanınır. Onun şərqşünaslıq elmində tədqiqatları bu gün də aktualdır.
Səbail Rayon İcra Hakimiyyətinin məsul işçisi Kəmalə Həşimova Aida xanım İmanquliyevanın elm və təhsilimizə verdiyi əvəzsiz töhfələrdən bəhs edib.
Böyük alimin tələbəsi, 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Gülnarə Məmmədova Aida xanım ilə bağlı xatirələrini bölüşüb.
Sonra görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən film göstərilib. Məktəblilər Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər