Neft və Sənaye Universitetində Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Neft və Sənaye Universitetində Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə universitetin Humanitar fənlər kafedrasının müdiri professor Camal Mustafayev şair Əhməd Cavadın yaşadığı dövrdə mövcud ictimai-siyasi prosesləri şərh edib, o zaman repressiyaların millətimizin tarixinə vurduğu zərbələrdən, yüzlərlə insanın, o cümlədən Əhməd Cavadın taleyinə yazılan faciələrdən söz açıb. Qeyd edilib ki, o zaman “xalq düşməni” damğası vurulan Əhməd Cavad Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən və buna görə də canını fəda edən unudulmaz böyük şair, tanınmış maarifçi və ictimai xadimdir.
Sonra “Əhməd Cavad şəxsiyyəti”, “Əhməd Cavad və Türkiyə ədəbi mühiti” mövzularında məruzələr dinlənilib.
Universitet tələbələrinin hazırladığı “Şahid və şəhid şair” adlı bədii-sənədli tamaşa təqdim olunub. Tamaşada Əhməd Cavad müəllim, şair, dost, öz amalı uğurunda şəhid olan vətənpərvər insan kimi canlandırılıb. Səhnədə Əhməd Cavadla yanaşı, onun silahdaşları Hüseyn Cavid, Mikayıl Müşfiq və şairin həyat yoldaşı Şükriyyə obrazları da yer alıb.
Təqdim olunan kinofilmdə isə Əhməd Cavadın həyat və yaradıcılığından bəhs olunub.
Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı qeyd edib ki, görkəmli şair Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış unudulmaz şəxsiyyətdir.
Rektor görkəmli ədib Əhməd Cavad yaradıcılığının əhəmiyyətini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər