Ərəb ölkələri Suriya ilə münasibətlərin normallaşmasını müzakirə edəcək

Ərəb ölkələri Suriya ilə münasibətlərin normallaşmasını müzakirə edəcək Doqquz ərəb ölkəsinin xarici işlər nazirləri Suriya ilə münasibətlərin normallaşması və Dəməşqin təcridinin yumşaldılması məsələlərini müzakirə etmək məqsədilə Səudiyyə Ərəbistanında keçiriləcək tədbirə dəvət olunublar.
Bu barədə jurnalistlərə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Muhamməd Əl Ənsari məlumat verib. O əlavə edib ki, Körfəz Əməkdaşlıq Şurasının altı ölkəsi - Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Misir, İraq və İordaniyanın nazirləri cümə günü Ciddədə görüşəcəklər. Nazirlər Suriyadakı vəziyyəti müzakirə edəcək, sanksiyaların yumşaldılması məqsədilə rəsmi Dəməşqlə danışıqlar aparılması ehtimalı ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Suriyada 2011-ci ildə müharibənin başlamasından bəri diplomatik cəhətdən təcrid olunmuş prezident Bəşər Əsəd son iki ayda BƏƏ və Omana səfər edib. Bununla yanaşı, Səudiyyə Ərəbistanı keçən ay Dəməşqlə konsulluq xidmətlərinin bərpası ilə bağlı danışıqlara başladığı barədə açıqlama yayıb.
Suriya, həmçinin vətəndaş müharibəsinə görə Ərəb Liqasından xaric edilib. Bu ilin mayında Ər-Riyadda Ərəb Liqasının sammitinin keçiriləcəyi gözlənilir və bu tədbirdə Rəsmi Dəməşqin iştirakı istisna olunmur.
Əl Ənsari Səudiyyə Ərəbistanının Körfəz Əməkdaşlıq Şurası vasitəsilə məşvərət iclası çağırdığını, eyni zamanda, Qətərin Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. Rəsmi Doha Bəşər Əsədlə hər hansı normallaşmanı rədd edən ABŞ və bir sıra Avropa dövlətləri ilə həmrəydir. XİN sözçüsü deyib: "Suriyadakı vəziyyətlə bağlı çoxlu fikirlər və Dəməşqin Ərəb Liqasına qayıtması ilə bağlı təkliflər var". O, görüşdə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Taninin iştirak edəcəyini bildirib və əlavə edib ki, İraq hökuməti dəvəti nəzərdən keçirir.

Tehsil-press.az



Oxşar xəbərlər