Polşada Varşava gettosu üsyanının 80-ci ildönümü qeyd olunub

Polşada Varşava gettosu üsyanının 80-ci ildönümü qeyd olunub Polşada 1943-cü il aprelin 19-da nasist Almaniyasının işğalı zamanı Varşava gettosunda yəhudilər tərəfindən başladılmış üsyanın 80-ci ildönümü anılır.
Anım mərasimi çərçivəsində Polşa Prezidenti Andrjey Duda, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və İsrail Prezidenti İsaak Hersoq Varşava Gettosu Qəhrəmanlarının Memorialına gül dəstələri qoyublar.
Frank-Valter Ştaynmayerin timsalında ilk Almaniya dövlət başçısı Varşava gettosu üsyanına həsr olunmuş anım mərasimində çıxış edib. O, 80 il bundan əvvəl almanlar tərəfindən törədilmiş cinayətlərə görə üzr istəyib.
Qeyd edilməlidir ki, İkinci Dünya müharibəsində Varşava gettosunda 450 min yəhudi yerləşdirilib. On minlərlə insan tədricən deportasiya, aclıq və əsir düşərgələrinə göndərilərək məhv edilib. 1943-cü il aprelin 19-da Varşava gettosunda başlayan üsyan İkinci Dünya müharibəsi dövründə Holokosta qarşı ən böyük itaətsizlik aktı kimi tarixə düşüb. Tarixçilər bu hadisəni yəhudilərin "mənasız şəkildə qırğına getməmək" üçün mübarizəsi kimi qiymətləndirirlər. Bir aya yaxın davam edən qeyri-bərabər mübarizədə Yəhudi Döyüş Təşkilatının və Yəhudi Hərbi Birliyinin zəif silahlanmış döyüşçüləri vermaxtın mütəşəkkil hərbi birləşmələrinə qarşı dirəniş göstəriblər. Üsyan nəticəsində gettoda yaşayan 56 min yəhudi öldürülüb, yeddi min üsyançı isə edam edilmək üçün Treblinka ölüm düşərgəsinə göndərilib.

Tehsil-press.az




Oxşar xəbərlər