The Jerusalem Post: Misir qəzzalı qaçqınlar üçün sərhədi açmayacaq

The Jerusalem Post: Misir qəzzalı qaçqınlar üçün sərhədi açmayacaq Misir hakimiyyəti Qəzza zolağından qaçqın və köçkünlərin keçidi üçün dəhlizlər açmayacağını bildirib.
Bu barədə İsrailin “The Jerusalem Post” qəzeti Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, tez-tez İsrail və Fələstin arasında vasitəçi kimi çıxış edən Qahirə hələ də öz sərhədləri daxilində münaqişələri həll etməkdə israr edir. Qəzet qeyd edir ki, Misir Birləşmiş Ştatlar və digər ölkələrlə Qəzza zolağı ilə sərhədləri boyunca humanitar yardım göstərmək planları barədə müzakirə aparır, lakin anklavı tərk edən qaçqınlar üçün təhlükəsiz dəhlizlər yaratmaq üçün hər hansı addımdan imtina edib.
Misir və BMT daha əvvəl bildirmişdi ki, onlar Qəzza zolağında humanitar vəziyyətin pisləşməsini qəbuledilməz hesab edirlər və mülki əhalinin müdafiəsi üçün diplomatik səylərin tərəfdarıdırlar. BMT-nin baş katibi Antonio Quterreş mövcud vəziyyətin regional təhlükəsizliyə real təhlükə yaratdığından narahatlığını ifadə edib və Misirin Fələstin anklavına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq səylərini yüksək qiymətləndirib. BMT həmçinin bildirib ki, Misirdən Qəzzaya humanitar yardımın çatdırılması üçün dəhlizlər yaratmaq üçün Qahirə ilə danışıqlar aparır.
Eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Misir və İsraillə qaçqınların Qəzzanı tərk etməsi üçün dəhliz yaradılması imkanını fəal şəkildə müzakirə edir.

Tehsil-press.az


Oxşar xəbərlər