Son 20 ildə elmin inkişafı dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən birinə çevrilib

Son 20 ildə elmin inkişafı dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən birinə çevrilib Prezident İlham Əliyevin dövlətimizin başçısı seçilməsinin 20 ili tamam olur. Müstəqil Azərbaycanın qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin Ümummilli Liderin dövlətçilik prinsiplərini ləyaqətlə qoruması, irəli çəkməsi Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin bariz nümunəsidir. Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olan son 20 ildə bütün sahələrdə böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib.
Bu fikirləri Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova söyləyib. O bildirib ki, dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusilə fərqlənən İlham Əliyevin siyasətin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirib.
Son iyirmi ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bir çox sahələrdə olduğu kimi, elm sahəsində də yüksək uğurlara imza atılıb, elmi fəaliyyət sahəsində müşahidə olunan inkişaf tempi getdikcə sürətlənməyə və özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymağa başlayıb. Belə ki, 2003-2023-cü illərdə elmin inkişafı dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən birinə çevrilib, ölkənin sosial-iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində insan kapitalı prioritet istiqamətlərdən biri olaraq dövlət siyasəti səviyyəsində təsbit edilib, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda elmin yeri və rolu müəyyənləşdirilib, eləcə də alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, elmi fəaliyyətin stimullaşdırılması və elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bundan əlavə, elmi kadr potensialının gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılması, humanitar siyasət sahəsində uzunmüddətli layihələrə start verilməsi, elmi potensialın dövlət siyasətinin, xüsusən milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində yaxından iştirakı təmin olunub.
Azərbaycan elminin inkişafında mühüm bir mərhələni təşkil edən Azərbaycanda elmin inkişafı üzrə Strategiyanın və həmin Strategiya ilə bağlı Dövlət Proqramının 2009-cu ilin may ayında Prezident İlham Əliyev tərəfindən təsdiq olunması ilə dövlətin elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətləri müəyyənləşdirilib, elm və texnika sahəsində idarəetmə sisteminin və elmi qurumların strukturu təkmilləşdirilib, yüksəkixtisaslı kadrların hazırlanması istiqaməti üzrə olduqca əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (indiki Azərbaycan Elm Fondu) yaradılması da Strategiyanın icrası çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biridir. Fondun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır. Fond fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib.
“Azərbaycan Elm Fondu olaraq ən ülvi məqsədimiz və vəzifəmiz Azərbaycan xalqının, alimlərinin rifahına və ölkənin tərəqqisinə, dövlətin möhkəmləndirilməsinə, elmin yüksək xətlə inkişaf strategiyasının müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə, alimlərimizin elmi-tədqiqat layihələrinin uğurla həyata keçirilməsinə və ölkədə elm sahəsində dünyamiqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının reallaşdırılmasına və bu nəticələrin tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət göstərməkdən ibarətdir. Azərbaycan Elm Fondu olaraq Prezident İlham Əliyevə Azərbaycan dövlətinin başçısı kimi 20 illik fəaliyyəti dövründə elmimizin inkişafına göstərdiyini dəstəyə, diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk. Elm Fondu milli maraqlara uyğun həyata keçirilən dövlət siyasətinə daim dəstək verəcək, bu amal uğrunda həmrəyliyini artıracaq, səylərini daha da gücləndirəcəkdir”, - deyə Mehriban İmanova fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər