Professor Musa Qasımlı: Bu qələbə xalqımızın qarşısında yeni üfüqlər açır

Professor Musa Qasımlı: Bu qələbə xalqımızın qarşısında yeni üfüqlər açır “Bu il Zəfər Gününü tamamilə fərqli əhvali-ruhiyyədə qeyd edirik. Oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını ucaltdı və xalqımıza müraciət etdi. Bu, sadəcə bayrağın ucaldılması və xalqa müraciət edilməsi demək deyil. Xankəndidə bayrağımızın ucaldılması bütün ölkə ərazisində dövlət suverenliyimizin bərpa olunmasıdır. Hesab edirəm ki, 15 oktyabr tarixi mübarək bir gündür”.
2023-cü il aprelin 23-də Laçında, Həkəri çayının üstündə körpüdə sərhəd-keçid məntəqəsinin qurulması ilə 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət sərhədlərimizin üzərində nəzarəti qurmuş olduq: “Bu da bizim tariximizdə bir ilk idi. Bundan əvvəl isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmən ərazilərimizdən qovuldu. Azərbaycan işğalçı Ermənistana zərbə endirdi. Qazandığımız Qələbənin memarı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Torpaqları qarış-qarış düşməndən azad edib, həyatlarını qurban verən şəhidlərimizə Allah rəhmət eləsin. Qələbə təkcə Ermənistan və dünya erməniliyi üzərində qazanılmayıb. Bu qələbə, eyni zamanda, Ermənistanı müdafiə edən ölkələrin üzərində də qazanılıb. Elə ona görə də bu gün dünyanın müxtəlif ölkələrinin parlamentlərində, bəzi təşkilatlarda əleyhimizə qərarlar qəbul edilir. Bu, o deməkdir ki, Azərbaycan həmin qərarların qəbul edildiyi beynəlxalq parlament təşkilatları, ölkələrin parlamentləri və dövlətlər üzərində də qələbə qazanıb”.
“Biz tarixi günlər yaşayırıq. Ola bilsin ki, bəziləri qazanılan bu qələbənin miqyasının əhəmiyyətini hələ də dərk etmir. Hesab edirəm ki, qazanılan qələbə, sadəcə torpaqların azad edilməsi, sərhədlərimizdə dövlət nəzarətinin qurulması və ərazimizdə dövlət suverenliyinin yaradılması ilə məhdudlaşmır. Bu qələbə xalqımızın qarşısında yeni üfüqlər açır. Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Bu qələbə Cənubi Qafqazdakı bütün şəraitə təsir göstərir, separatçılıqdan əziyyət çəkən xalqlara və ölkələrə çıxış yolunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə dünyada haqsızlığa uğrayan ədalətsizlikdən əziyyət çəkən xalqlara haqq-ədalət nümunəsidir. Bu qələbə xeyirin şər üzərində, işığın qaranlıq üzərində qələbəsidir. Bu gün azərbaycanlılar dünyanın bütün ölkələrində başlarını dik tutaraq gəzirlər, xalqımızın üstündən ləkə silinib. Qazanılan qələbədən alınan başlıca dərslərdən biri ondan ibarətdir ki, xalqımızın qarşısına qoyduğu hədəflərə çatmağın təməlində qüdrətli dövlət rəhbəri və güclü dövlət dayanır”, - deyə professor fikrini yekunlaşdırıb.

Tehsil-press.az




Oxşar xəbərlər