BDU-nun “Acta Botanica Caucasica” jurnalı Ali Attestasiya Komissiyasının dövri elmi nəşrləri siyahısına daxil edilib

BDU-nun “Acta Botanica Caucasica” jurnalı Ali Attestasiya Komissiyasının dövri elmi nəşrləri siyahısına daxil edilib Bakı Dövlət Universitetinin (BDU) təsis etdiyi “Acta Botanica Caucasica” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən “Biologiya elmləri və aqrar elm” sahələri üzrə dövri elmi nəşrlərinin siyahısına daxil edilib.
Jurnalın baş redaktoru BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovdur.
“Acta Botanica Caucasica” beynəlxalq elmi araşdırmalar jurnalı məzmununa görə elmi-tədqiqat nəşridir. Jurnalda fundamental və tətbiqi botanikanın anatomiya, morfologiya, fitosenologiya, floristika, sistematika, geobotanika, bitki ehtiyatları, dərman və aromatik bitkilər, aqrobotanika, paleobotanika, taksonomiya, farmakoqonoziya, lixenobriologiya, mikologiya, alqologiya və digər bu kimi sahələrin son tədqiqat məlumatları və elmi yenilikləri dərc edilir.
Jurnalın redaksiya heyəti nüfuzlu yerli, xarici alim və tədqiqatçılardan təşkil edilib. Jurnal ingilis dilində, indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən məqalələri antiplagiat proqramında baxışdan keçirdikdən sonra dərc edir. Məqsəd aktual elmi əsərlərin dərcinə kömək göstərməklə elmi məlumatların inteqrasiya olunmasına təkan verməkdir.
Jurnalda hər məqalə üçün GROSSREF Rəsmi Agentliyində qeydiyyatdan keçmiş, internet axtarış sistemlərində tanınması üçün indeksləşmə mexanizmlərindən DOI (Digital Object Identifier) identifikatorları və nömrələri qeyd olunub. Məqalələrə rəqəmsal identifikatorların verilməsi onlara tez bir zamanda girişin təmin olunmasına və jurnalın internet şəbəkəsində tanınmasına şərait yaratmaq üçün nəzərdə tutulub.
Jurnal beynəlxalq elmmetrik bazalarına daxil olmaq üçün elmi jurnallara qoyulan tələblərə əsasən tərtib edilir.
Beləliklə, “Acta Botanica Caucasica” elmi-tədqiqat jurnalının başlıca məqsədi beynəlxalq indeksləşdirilmiş bazalarda əksini tapmaq, yüksək keyfiyyəti ilə dünya miqyasında tanınmaq, BDU-nun nəşrlə əlaqəli arxiv bazasının potensialının artırılmasına nail olmaq və ölkənin botanika elmi sahəsindəki inkişafına müsbət təsir göstərməkdir.
BDU tərəfindən təsis olunan “Acta Botanica Caucasica” jurnalına hazırda “Biologiya elmləri və aqrar elm” sahələri üzrə növbəti nömrədə dərc ediləcək elmi əsərlər qəbul olunur.

Tehsil-press.az



Oxşar xəbərlər