ADU-da çinli alimlərin kitabları təqdim edilib

ADU-da çinli alimlərin kitabları təqdim edilib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda professorlar Yang Jianchu, Jia Xingsu və Vang Huizhongun “Karbon zirvəsi və karbon neytrallığı: Çin fəaliyyətdə” və “Qədim kəndlərin gözəlliyi” kitablarının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qlobal iqlim idarəçiliyi və ekoloji sivilizasiyanın rasional sisteminin qurulması istiqamətində Çinin ekoloji layihələrindən söz açıb. O, qeyd edib ki, Çin karbon neytrallığına nail olmaq üçün, ilk növbədə, təbii həll yollarından, o cümlədən meşələrin salınmasından, torpaqların becərilməsindən və su obyektlərinin qorunmasından istifadə edəcək.
Tədbirdə ADU-nun çinşünas tələbələri Çinin iqlim dəyişikliyi probleminin həlli istiqamətində həyata keçirdiyi siyasət və fəaliyyətdən, Çin infrastrukturunun ekoloji cəhətdən modernləşdirilməsindən və ölkədə bazaryönümlü, yaşıl texnologiyalar sahəsində innovasiyalar sisteminin yaradılmasından danışıblar.
Qeyd olunub ki, birinci kitabda elmin və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı, ekoloji-sivilizasiyalı təhsilin inkişafı, yaşıl həyat tərzinin təbliği, o cümlədən Xucjou Universitetinin alimləri tərəfindən təklif olunan “İki Dağ”ın ekoloji konsepsiyasına xüsusi yer verilib. “Qədim kəndlərin gözəlliyi” kitabı isə Çjetszyan əyalətinin mənzərələrindən, ənənəvi kənd təsərrüfatının xüsusiyyətlərindən, məbəd memarlığından, ailə adət-ənənələrindən, qədim müdriklərdən və mahir kənd sənətkarlarından bəhs edir. Nəşrdə tarixi-mədəni dəyərə malik Çin ənənəvi kəndlərinin qorunması və canlandırılmasının vacibliyi qeyd edilir.
Bildirilib ki, kitablar görkəmli Çin alimi, Xucjou Universitetinin Partiya Komitəsinin katibi Jin Peihuanın redaktorluğu ilə nəşr edilib.

Tehsil-press.az




Oxşar xəbərlər