BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzinin və “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev vurğulayıb ki, bu il Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edir. Ulu Öndər Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqımızın xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş Ulu Öndərin doğma Vətən və xalq qarşısında xidmətləri misilsizdir. Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində silinməz iz qoyub, gələcək nəsillər üçün böyük məktəb yaradıb.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan ilə Rusiya arasında elm və təhsil, mədəni-humanitar sahələrdə uğurlu əməkdaşlıq münasibətləri var. Bu münasibətlərin inkişafında ali təhsil müəssisələri xüsusi rola malikdir. BDU-nun elm, təhsil sahəsində böyük potensialı olduğunu vurğulayan rektor qarşılıqlı təcrübə mübadiləsinin hər iki tərəfə fayda verəcəyinə inamını ifadə edib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycanın ən böyük universiteti olan BDU-da olmaqdan məmnunluğunu bildirib. Səfir qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın inkişafında müstəsna xidmətləri olmuş böyük şəxsiyyətdir. O, Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etməsində müdrik şəxsiyyət Heydər Əliyevin böyük rola malik olduğunu söyləyib.
Milli Məclisin deputatı, Azərbaycan-Rus İcmasının sədri Mixail Zabelin çıxışında vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı çoxsaylı bəlalardan xilas edən, ölkənin müstəqilliyini qoruyan və möhkəmləndirən böyük siyasətçi və vətəndaşdır: “Əgər görkəmli dövlət xadimi Heydər Əliyev olmasaydı, Azərbaycanın vəziyyəti necə olardı? Ölkə böyük təhlükə qarşısında idi, onu bu xaosdan dahi şəxsiyyət Heydər Əliyev çıxardı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu siyasətin uğurunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Ölkədə yaşayan bütün xalqlar həmişə Azərbaycanı vətən hesab ediblər. Multikulturalizm Azərbaycan xalqının ən böyük keyfiyyətidir”.
Elm və Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin öyrənilməsi və təbliğinə həmişə böyük ehtiyac var.
S.Həmidov Ulu Öndərin hakimiyyətdə olduğu illər ərzində sülh, sabitlik siyasəti yürütdüyünü, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışdığını qeyd edib.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov, “Rusiya (Sovet) Ali Məktəb Məzunlarının Azərbaycan Assosiasiyası” İctimai Birliyinin sədri Üzeyir Əliyev, BDU-nun professoru, tarix elmləri doktoru Azad Rzayev çıxışlarında Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində misilsiz xidmətlərindən danışıblar.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər