ADMİU-nun yubileyi münasibətilə “Maqbet” tamaşası oynanılıb

ADMİU-nun yubileyi münasibətilə “Maqbet” tamaşası oynanılıb Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Maqbet” tamaşasının premyerası keçirilib.
ADMİU-nun rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudova rəhbəri olduğu ali məktəbin yubileyinə göstərdikləri diqqətə görə təşəkkürünü bildirib. Artıq bir ildən çoxdur ki, 100 illiklə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini deyən rektor təqdim olunan tamaşanı həmin tədbirlərin məntiqi yekunu kimi qiymətləndirib. Çünki Mədəniyyət və İncəsənət Universiteti 100 il öncə 1923-cü ildə Teatr Məktəbi kimi fəaliyyətə başlayıb və onun təməlində məhz teatr dayanır. ADMİU-nun tələbələrinin bu illər boyunca dəfələrlə Şekspir yaradıcılığına müraciət etdiklərini vurğulayan C.Mahmudova “Maqbet” tamaşasının yeni ruhda səhnələşdirildiyini diqqətə çatdırıb.
ADMİU-nun yubileyinə göstərilən diqqət və qayğıdan söz açan C.Mahmudova ölkə başçısının “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 6 iyul tarixli Sərəncamını xatırladıb. Dekabrın 13-də isə universitetin bir sıra professor-müəllim heyətinin fəxri adlar, diplom, medal və ordenlərlə təltif olunmasını bildirərək kollektiv adından minnətdarlığını ifadə edib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ADMİU-nun bir əsrlik tarixində Azərbaycan mədəniyyətinə, incəsənətinə layiqincə xidmət göstərdiyini deyib, ölkəmizin adını dünyada tanıdan yüzlərlə sənətkarın məhz bu ali məktəbin məzunu olduğunu bildirib. İ.Həbibbəyli Azərbaycan Prezidentinin ADMİU-nun 100 illiyi ilə bağlı imzaladığı sərəncamları mədəniyyətimizə, incəsənətimizə göstərilən diqqətlə yanaşı, ümumilikdə kulturologiya elminin inkişafına, təhsilə qayğı kimi dəyərləndirib.
Daha sonra qonaqlar V.Şekspirin “Maqbet” əsəri əsasında hazırlanmış eyniadlı faciəyə tamaşa ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru Ceyhun Dadaşov, rejissor köməkçisi Könül Ələkbərova, Ülvi Məmmədli, bəstəkarı Türkər Qasımzadə, geyim üzrə rəssamı Nəzakət Səfərova, xormeysteri Təranə Yusifova, tamaşanın plastik həlli Elnur İsmayılov, Nurlan Rüstəmov, Ceyhun Dadaşov, videoqrafı Şövkət Fikrətqızı, Hüseyn Həsənov, Fərid İsmayılovdur.
Tamaşada rolları Əməkdar artistlər Ayşad Məmmədov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Ziya Ağa, eləcə də ADMİU-nun tələbə və məzunlarından ibarət heyət canlandırıb, “Cadenza” orkestri iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər