BDU ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlıq genişlənir

BDU ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlıq genişlənir Türkiyənin İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə BDU-nun rektoru Elçin Babayev İstanbul Texniki Universiteti ilə ötən ay imzalanan anlaşma memorandumu və “Erasmus” mübadilə proqramının böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Rektor vurğulayıb ki, hər iki universitetin məqsəd və amallarının bir olması bu əməkdaşlığın səmərəli olacağına əminlik yaradır. E.Babayev BDU-da çox güclü riyaziyyat, fizika, kimya məktəblərinin olduğunu diqqətə çatdırıb və əməkdaşlığın ilkin mərhələdə məhz bu istiqamətlərdən başlanacağını deyib.
İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncu BDU ilə əməkdaşlığın faydalı olacağına inamını ifadə edib.
Sonra iki universitet arasında anlaşma memorandumu və “Erasmus” mübadilə proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub.
BDU və İstanbul Texniki Universiteti arasında imzalanan anlaşma memorandumuna əsasən, 2024-cü ilin yanvar ayından doktorantura üzrə riyaziyyat və kimya sahələrində ikili diplom proqramlarına başlanılması barədə razılığa gəlinib.
İnformasiya texnologiyaları və süni intellekt sahələrində də ortaq layihələr həyata keçiriləcək. Anlaşma memorandumuna əsasən, həmçinin İstanbul Texniki Universitetinin kibertəhlükəsizlik sahəsində zəngin təcrübəsindən istifadə edərək BDU-da Kibertəhlükəsizlik laboratoriyasının birgə qurulması planlaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər