ADPU-nun 26 tələbəsinə IELTS sertifikatı təqdim olunub

ADPU-nun 26 tələbəsinə IELTS sertifikatı təqdim olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsilin İnkişafı Fondu və “British Council” ilə tərəfdaşlıq əsasında ikinci dəfə təşkil olunan IELTS imtahanlarında iştirak edən universitetin bir qrup tələbəsinə sertifikat təqdim edilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Pedaqoji Universitetdə müəllimlərin və tələbələrin dil və informasiya texnologiyaları bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ardıcıl layihələr icra olunduğunu bildirib. Qeyd edib ki, bu baxımdan Təhsilin İnkişafı Fondunun dəstəyilə “British Council” tərəfindən təşkil olunan ingilis dili üzrə IELTS imtahanlarına hazırlıq və imtahanların keçirilməsi xüsusi əhəmiyyətə malikdir. İlk dəfə ötən tədris ilində reallaşdırılan layihədə 19 nəfər, bu il isə 26 tələbə iştirak edib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib ki, təşkilatın 5 regional mərkəzindən biri məhz Azərbaycanda yerləşir. “British Council” tərəfindən ölkə üzrə bir çox layihənin icra olunduğunu diqqətə çatdıran direktor 4 mindən çox orta məktəb müəlliminin onlayn ingilis dili inkişafı proqramına cəlb olunduğunu söyləyib.
N.Hacıyeva qeyd edib ki, ADPU ilə “British Council” arasında uzunmüddətli səmərəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq təkcə dil biliklərinin artırılması sahəsində deyil, eyni zamanda, ingilis dili üzrə proqramların, milli kurikulumun hazırlanması kimi akademik sahələrdə uğurla davam etdirilir.
Tədbirdə məlumat verilib ki, Təhsilin İnkişafı Fondunun dəstəyilə ali məktəblər üçün təşkil olunan IELTS imtahanları ilə bağlı layihədən həm tələbələr, həm də müəllimlər faydalana bilərlər. Layihəyə cəlb olunan ADPU tələbələri çox uğurlu nəticələr göstərirlər.
Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova indiyədək 7 ali məktəbdən ümumilikdə 200-dək tələbə və müəllimin layihədən faydalandığını söyləyib.
Daha sonra uğur qazanmış tələbələrə IELTS sertifikatları təqdim olunub, onların təəssüratları dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər