
Görüşdə rektor Elmar Qasımov Azərbaycanda ingilis dilinin tədrisi və inkişafında “British Council” təşkilatının böyük rolu olduğunu deyib. BANM-də tədrisin ingilis dilində aparıldığını vurğulayan rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətə başladığı ilk illərdən “British Council” ilə IELTS imtahanlarının təşkili istiqamətində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Təşkilatın Azərbaycan üzrə rəhbəri Samr Şah BANM və onun tələbələri haqqında çox müsbət fikirlər eşitdiyini bildirib. Qeyd edib ki, BANM-in tələbləri arasında “British Council”da təcrübə keçənlər də var və onlar digər təcrübəçilərdən həm dil, həm də əlavə bacarıqlarına görə fərqlənirlər. Daha sonra qonaq BANM-i 2019-cu ildə Almaniyada keçiriləcək “Going Global” adlı beynəlxalq təhsil konfransına dəvət edib.
Görüşdə həmçinin BANM ilə “British Council” təşkilatının əməkdaşlığının inkişaf etdirilməsi, gələcəkdə kompüter əsaslı imtahanların BANM-in ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarında keçirilməsi, həmçinin Britaniya Şurası tərəfindən təşkil edilən seminar, festival və konfranslara BANM-in əməkdaşları və tələbələrinin cəlb olunması məsələləri müzakirə edilib.
Mətbuat Xidməti