ADA Universiteti Fondu “Paşa Bank”la birgə icra etdiyi layihəni yekunlaşdırıb

ADA Universiteti Fondu “Paşa Bank”la birgə icra etdiyi layihəni yekunlaşdırıb ADA Universiteti Fondu tərəfindən “Paşa Bank”ın dəstəyi və “İZ” Qadınlar Cəmiyyətinin tərəfdaşlığı ilə keçirilən sosial layihənin ilk mərhələsi başa çatıb.
ADA Universiteti Fondu “PAŞA Bank” ilə illər ərzində davam etdirdiyi əməkdaşlığı daha da genişləndirərək bu ilin son layihəsini uğurla yekunlaşdırıb. Layihəyə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbin və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin 6-cı sinfində təhsil alan 10 şagird cəlb edilib.
Dekabrın 18-dən 22-dək keçirilən layihənin ilk mərhələsində məktəblilər öz fəaliyyətləri ilə seçilən peşəkarlar və psixoloqlar tərəfindən keçirilən seminar və təlimlərdə, tanınmış ziyalıları, millət vəkillərini və məşhur simaları bir araya gətirən sessiyalarda və fərqli məkanlara ekskursiyalarda iştirak ediblər. Qızlara təhsilin uğurlu karyera qurmaqdakı rolu ictimai xadimlərin fəaliyyətinin timsalında göstərilib, onlara fərqli peşə sahələri barədə ətraflı məlumat verilib.
Məktəblilər layihə çərçivəsində “Paşa Bank”ı və Xəzər Media Mərkəzini ziyarət ediblər. Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovla, o cümlədən tanınmış aparıcılar ilə görüşən məktəblilər Xəzər TV-nin studiyaları, eləcə də Xəzər FM və Araz FM-in fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, qızlara təhsil müddəti başa çatana qədər maliyyə dəstəyinin verilməsini nəzərdə tutan layihə növbəti illərdə də davam edəcək.
ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva layihə ilə bağlı bildirib:
"Qızların düşüncə tərzini və həyata dair yanaşmasını təhsil yolu ilə dəyişməyi və ya inkişaf etdirməyi nəzərdə tutan layihə cəmiyyətə ötürdüyü sosial mesajı ilə fərqlənir. Layihə vasitəsilə iştirakçılara öz potensiallarının fərqinə varmağa və onları daha öncə düşünmədikləri, lakin əldə edə biləcəkləri imkanlar barədə düşünməyə təşviq etdik. Bu işdə bizə dəstək olan tərəfdaşlarımıza minnətdarıq".
Layihənin icrasını, məktəblilərin müxtəlif yerlərə ziyarətini əks etdirən videonu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür.

Tehsil-press.az




Oxşar xəbərlər