BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib

BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı tədbir keçirilib. Fakültənin professor-müəllim heyətinin, gənc tədqiqatçıların və tələbələrin iştirak etdiyi tədbirdə fakültə dekanı Bəxtiyar Paşayev məruzə ilə çıxış edib. O bildirib ki, elmi ictimaiyyət üçün mühüm tarixi hadisə olan Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun qərarı ilə təsis edilib. 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin vaxtdan martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir.

Bəxtiyar Paşayev son illərdə ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasına adekvat olaraq BDU-nun da beynəlxalq elmi əlaqələrinin genişləndiyini qeyd edib. 2022-ci ildə baş tutmuş və Fizika fakültəsinin də bir qrup əməkdaşının qatıldığı “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” Beynəlxalq tədbiri buna misal ola bilər. 2022-ci ildə Fizika fakültəsində “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda, həmçinin “Mərkəzi Asiya və Qafqaz Dinamik Günləri” adlı Beynəlxalq yay məktəbləri keçirilib. Bu iki beynəlxalq tədbirdə 60-a yaxın məruzə edilib. 2023-cü ildə BDU-nun ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə “Fizikada müasir trendlər” mövzusunda 8-ci Beynəlxalq elmi konfrans keçirilib.

Eyni zamanda dünyanın aparıcı elm mərkəzlərində çalışan görkəmli alimlərin Fizika fakültəsində elmi seminarları təşkil edilib. Belə ki, Almaniyanın Dortmund Texniki Universitetinin Fizika fakültəsinin professoru Dieter Suter, Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim, Misir Nəzəri Fizika Mərkəzinin prezidenti, akademik Abdel Nasser Tawfik, Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının müdiri professor Stefano Bellucci, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə Problemləri Laboratoriyasının direktoru professor Yevgeni Yakuşev, Türkiyənin Ankara Universitetinin professoru Ali Gencer, Türkiyənin Ege Universitetinin Fizika bölümünün rəhbəri, professor Mustafa Təpə, fakültənin məzunları, Meksika Milli Muxtar Universitetinin professoru Natiq Atakişiyev, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev və s. kimi görkəmli alimlər professor-müəllim heyəti və tələbələr qarşısında məruzələr ediblər. Fizika fakültəsinin gənc alimlərinin uğurları da xüsusilə qeyd olunmalıdır. Onların üzvü olduğu komandalar son illərdə keçirilmiş “TEKNOFEST” festivallarında qaliblər sırasında yer alıblar.

Bəxtiyar Paşayev qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın ev sahibliyi edəcəyi çox mühüm beynəlxalq tədbirdir. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

Sonra tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov çıxış edərək elmin ölkələrin həyatında nə qədər mühüm yer tutmasından, müasir dövrün çağırışlarından danışıblar. Gənc alimlər adından Yarımkeçiricilər fizikası kafedrasının müəllimi Fidan Əhmədova öz həyat yolu, elmi fəaliyyəti, əldə etdiyi uğurlar barədə çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər