Azərbaycanın 8 ali məktəbi dünya universitetlərinin reytinqində

Azərbaycanın 8 ali məktəbi dünya universitetlərinin reytinqində “Round University Rankings” dünya universitetlərinin 2024-cü il üçün reytinqi açıqlanıb. Reytinq cədvəlində 89 ölkədən 1169 ali təhsil müəssisəsi yer alıb.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın 8 ali təhsil müəssisəsi sözügedən qlobal reytinqə daxil olub. 6 ali təhsil müəssisəmizin mövqeyi ötən ilə nisbətən irəliləyib, 2 ali təhsil müəssisəmiz (Gəncə Dövlət Universiteti və Azərbaycan Universiteti) isə ilk dəfə reytinqdə təmsil olunublar. Qərbi Kaspi Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti müvafiq reytinqdə TOP 1000-də təmsil olunur.

Qərbi Kaspi Universiteti 96 pillə irəliləyərək 934-cü, Bakı Dövlət Universiteti 80 pillə irəliləyərək 962-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 134 pillə irəliləyərək 983-cü, Bakı Biznes Universiteti 17 pillə irəliləyərək 1142-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti 86 pillə irəliləyərək 1094-cü, Azərbaycan Texniki Universiteti isə 70 pillə irəliləyərək 1126-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqin metodologiyasına əsasən ali təhsil müəssisələrinin fəaliyyəti 4 sahə (tədris, tədqiqat, beynəlmiləlləşmə və maliyyə dayanıqlığı) və 20 indikator üzrə qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər