İlahiyyat İnstitutunda "Məzun Günü" keçirilib

İlahiyyat İnstitutunda Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Məzun Günü" keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xalq artisti Alim Qasımov və digər şəxslər iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Aİİ-nin tələbəsi Qismət Rzayev tərəfindən Quran tilavəti təqdim edilib. Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin ifasında ilahi təqdim olunub.

Açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İnstitutun artıq 6 ildir ki fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qeyd edib ki, bu müəssisənin üçüncü məzun günüdür.

"Müəssisə olaraq əsas məqsədimiz din sahəsində savadlı kadrlar yetişdirmək, ölkənin din sahəsindəki ehtiyacını qarşılamaqdır. Ümid edirik ki, institutumuzdan bu gün məzun olan, müasir dövrün tələblərinə xitab edən ilahiyyatçılar dinimizi cəmiyyətə düzgün formada təlqin edəcək. Çünki mədəniyyət və incəsənətin formalaşmağı bu yoldan keçir".

Rektor institutun dünyanın 30-dan çox ali təhsil müəssisəsi ilə müqavilə bağladığını bildirib: "Biz beynəlxalq əlaqələrimizi daim genişləndiririk. Azərbaycanın dini-tolerant ənənəsini dünyaya nümayiş etdirmək üçün Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” keçirilib. 2023-cü ildə isə həmin proqram Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Sunan Kalijaga Yogyakarta Dövlət İslam Universiteti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə İndoneziyada keçirilib. Bu o deməkdir ki, İlahiyyat İnstitutu olaraq dünyada artıq bir brendə çevirilik".

Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub.

Sonda rəsmilər tərəfindən məzunların təltif etmə mərasimi həyata keçirilib və xatirə fotosu çəkdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər