8 MAY - ŞUŞANIN İŞĞAL GÜNÜDÜR

8 MAY - ŞUŞANIN İŞĞAL GÜNÜDÜR
Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşa

Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni və siyasi səbəblərdən rəmzə çevriliblər. Onların adını dilə gətirmək kifayətdir ki, hər birimizin yaddaşında həmin şəhərin obrazı yaransın. Hər bir azərbaycanlı üçün belə bir şəhər Şuşadır. Bu gün o həm də bizim torpaqlarımızın işğalının rəmzidir. Nə qədər Şuşa erməni qoşunlarının işğalı altındadır, hər birimiz şuşalıyıq.
Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun prezidenti

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ən qədim diyarı, mədəniyyətimizin, incəsənətimizin, elmimizin inkişafında müstəsna xidməti ilə seçilən, əsrarəngiz təbiətə, füsunkar gözəlliyə malik olan Şuaşanın işğalından 24 il ötür.Həmişə deyildiyi kimi, Şuşa qədim Qarabağın gözü olub.
Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzi, Şuşa Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət mərkəzi idi. Şuşa – Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Nəcəf bəy Vəzirovun, Əbdürrəhman bəy Haqverdiyevin, Bülbülün vətənidir. Vətənin bu dilbər güşəsində neçə-neçə yazıçı, sənət adamı, bəstəkar müğənni, teatr və kino xadimi böyüyüb boya-başa çatıb.
Şuşanın, ümumən Qarabağın bəstəkarlıq məktəbi – Üzeyir bəy Hacıbəyli, Zülfüqar və Soltan Hacıbəyovlar, Niyazi, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov kimi sənətkarlar məhz bir şəhərin yetirmələridir.
Bu yurdun qədim və dəyişməyən tarixini indi də Şuşa mağarası, Cıdır düzü, Topxana, Bağırqan, Dovtələb, Yeddiqat, Qırxpilləkən, Xəzinə qayası, İsa bulağı, Turşsu, Meydan bulağı, Qarqar çayı dünyaya bəyan edəndir. Bu, tarixinə sığınan bir yurdun, bir şəhərin, onun minlərlə övladının harayıdır, səsidir.
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 336-cı alayın 40 zirehli texnikasının dəstəyilə keçirilib.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəhər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s dağıdılıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsi və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahı qüvvələrinin Şuşanın işğalı etməsi Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Şuşa şəhərinin təhsil tarixində oynadığı müsbət rol bütünlükdə təhsil tariximizin şanlı səhifələrindəndir. Söz yox ki, Şuşada təhsilə, mədəniyyətə, ziyalılara böyük hörmət və rəğbət olub.
Şuşanın mənfur ermənilər tərəfindən işğal olunması xalqımızı bir çox məhrumiyyətlərə düçar etdi. Məhz bu işğal nəticəsində Şuşada maddi-mənəvi dəyərlərimiz , o cümlədən, təhsilimiz də sağalmaz yara aldı.
Şuşalılara ağır maddi və mənəvi zərbə vuruldu və bütün ümumi təhsil müəssisələri öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Rayonun əhalisi, o cümlədən, şagird və müəllimlər respublikanın 55 rayonuna səpələndi.Belə bir şəraitdə məktəblərin yenidən təşkil olunması çox çətin idi. Buna baxmayaraq Şuşalıların fədakarlığı sayəsində ermənilər tərəfindən dağıdılmış məktəblərin müəllim və şagird kontingentinin əsasında respublikanın müxtəlif şəhər rayonlarında neçə ümumtəhsil məktəbi yaradıldı.
Bu gün Şuşa camaatı öz ümüd və inamlarını itirməyiblər. Onlar inanırlar ki, ölkə rəhbərimizin apardığı uğurlu siyasət nəticəsində şuşamız işğaldan azad olunacaq. Tezliklə tarixi yurdlarımıza Şuşamıza, doğma qarabağımıza qayıdaraq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində dalğalanacaqdır!!!
Məndə inanıramki bu yazım Şuşa işğalı ilə bağlı axrıncı yazım olacaq. Bir daha işğaldan yazmayacam, qələbədən yazacam. Azərbaycan ordusunun Qarabağdakı qələbəsindən… AMİN!!!

Əkbər Hüseynzadə



8 MAY - ŞUŞANIN İŞĞAL GÜNÜDÜR

Oxşar xəbərlər