Təhsil ekspertindən ixtisarlarla bağlı nazirə ironiyalı cavab: Ümid edək ki...

Təhsil ekspertindən ixtisarlarla bağlı nazirə ironiyalı cavab: Ümid edək ki... Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrin birləşdirilməsi ilə bağlı ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib.

O bildirib ki, bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur:

“Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Ancaq burada məqsəd kiminsə həyatını çətinləşdirmək deyil. Cəmiyyəti ən çox düşündürən məsələ budur, lakin ixtisarlar olmayacaq”.

Bəs institutların birləşdirilməsi prosesi necə aparılacaq? Burada nələrə diqqət edilməlidir?

Tanınmış təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı fikrini bölüşüb:

“Hesab edirəm ki, ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamı zərurətdən irəli gələn bir addım olub, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılmasına, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin etməyə, institutlararası əməkdaşlığın gücləndirilməsinə, oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış institutların yaradılmasına xidmət edir.

Yəqin çoxları xatırlamamış olmazlar ki, müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən boşluqlar yarandı. Həmin boşluqlar elm və təhsilimizə də təsirsiz ötüşmədi. Maddi texniki bazası, lazımi kadr potensialı, müvafiq infrastrukturu olmadan xeyli sayda universitetlər, kolleclər yaradıldı, qeyri-peşəkarlara elmi dərəcələr verildi, heç bir elmi fəaliyyəti olmayan elmlə bağlı sahələrə rəhbər vəzifələrə təyin edildi, maliyyə maxinasiyalar adi hal aldı, saxta diplomluların və qondarma alimlərin sayı durmadan artdı.

İş o yerə çatıb ki, elm və təhsil naziri Emin Əmrullayev də Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm Festivalı”nda çıxışı zamanı etiraf edərək deyib ki, elmi təşkilatlarımızda heç bir elmi məhsul istehsal olunmur.

Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib: “Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında qeyri mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır”.

Sözügedən sərəncamda rasonallaşdırma istiqamətində nəzərdə tutulan struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə xidmət edir.

Gözləntilər isə ondan ibarətdir ki, müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq. Artıq, bəzi institutlar birləşdirilərək publik hüquqi şəxs olub, üç elmi istehsalat birliyi ləğv edilib”.

Təhsil eksperti qeyd edib ki, Azərbaycanda elmi institutların birləşdirilməsi ilə bağlı Prezidentin imzaladığı son qərar elmi-tədqiqat sahəsində struktur islahatlarının yeni mərhələsidir:

“Bu elmi fəaliyyətin səmərəliliyini, idarəolunmasını və təhsillə əlaqəsini artırmağa yönəlmiş bir addımdır. Onu da xatırlatmaq yerinə düşər ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması təkcə elmi müəssisələrə şamil edilmir.

Optimallaşdırma və rasionallaşdırma tədbirləri eyni zamanda orta ümumtəhsil məktəblərini və orta ixtisas təhsili müəssisələrini də əhatə edir və bu proses davam etməkdədir, Belə ki, bir sıra azkomplektli məktəblərin bəziləri bağlanıb, bəziləri isə digər məktəblərlə birləşdirilib.

Bir sıra kolleclər isə əlaqədar universitetlərin nəzdində fəaliyyətə başlayıb. Bir neçə oxşar məzmunlu universitetlərin birləşdirilməsi nəzərdə tutulub.

O ki qaldı Emin Əmrullayevin elmi müəssisələrin birləşdirilməsi ilə bağlı açıqlamasına, əlbəttə, təki ixtisarlar olmasın. Elə olmasın ki, nazirin sertifikasiyanın başlanğıcı zamanı “Sertifikasiyanın məqsədi müəllimləri işdən çıxarmaq deyil, onları daim inkişafda saxlamaqdır” vədinə bənzəsin.

Ümid edək ki, optimallaşdırma və rasionallaşdırma istiqamətdə aparılan bu kimi işlər və görülən müvafiq tədbirlər, elm və təhsilimizin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək, bu yarana biləcək ixtisarlar elmi-pedaqoji kadrlarımızın iş yerlərini itirməsinə və yeni işsizlər ordusunun yaranmasına zəmin yaratmayacaq. O ki, qaldı, bu sahədə nələr dəyişəcəyinə, bunu zaman göstərəcək. Zamanı qabaqlamaq isə olmaz, çünki, o bizdən sürətlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında Sərəncam imzalayıb. Sərəncama görə bir sıra institutlar birləşdirilib və onların bazasında yeni institutlar yaradılıb. Bu dəyişikliklər 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək bu sərəncamla aşağıdakı yeni elmi müəssisələr yaradılacaq:

Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutunun bazasında;

Coğrafiya İnstitutu – Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi ilə;

Fizika İnstitutu – Fizika İnstitutu və Radiasiya Problemləri İnstitutunun əsasında;

Kimya İnstitutu – Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun birləşdirilməsi ilə;

Riyaziyyat İnstitutu – İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında;

Botanika İnstitutu – Botanika və Dendrologiya institutlarının birləşdirilməsi ilə;

Canlı Sistemlərin Tədqiqi İnstitutu – Zoologiya və Fiziologiya institutlarının birləşdirilməsi ilə;

Molekulyar Biologiya İnstitutu – Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya və Biofizika institutlarının əsasında;

Eyni zamanda, müasir infrastruktur və beynəlxalq standartlara uyğun 2 yeni elmi müəssisə də yaradılacaq.

Bundan başqa, Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə veriləcək.

Gəncədə yerləşən 4 elmi müəssisə – Ekologiya və Təbii Ehtiyatlar, Bioresurslar, Aqrar Problemlər institutları və Nəbatat Bağı Gəncə Dövlət Universitetinin tabeliyinə keçəcək.

Naxçıvanda yerləşən Təbii Ehtiyatlar, Bioresurslar institutları və Batabat Astrofizika Rəsədxanası Naxçıvan Dövlət Universitetinin tabeliyinə veriləcək.

“Nafta", “Aşqar" və “Kompozit” elmi-istehsalat birlikləri isə ləğv ediləcək.

Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi ilə yanaşı, Nazirlər Kabineti və Maliyyə Nazirliyi də bu dəyişikliklərin icrası ilə bağlı müvafiq tədbirləri görməli və yeni qurumların maliyyə təminatını gələcək dövlət büdcələrində nəzərə almalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər