Tibb Universitetində “Nə? Harada? Nə vaxt?” turniri keçirildi

Tibb Universitetində “Nə? Harada? Nə vaxt?” turniri keçirildi Bu günlərdə “Atəşgah” İntellektual Oyunlar Klubunun “Nə? Harada? Nə vaxt?” oyunu üzrə I Tələbə Kubokunun yarışları başa çatıb. Fəxrlə qeyd edirik ki, bu oyunlar üzrə yarışma Azərbaycan Tibb Universitetində (ATU) və ali məktəbimizin dəstəyilə baş tutub.
ATU-da keçirilən turnirdə ölkənin səkkiz ali məktəbini təmsil edən 25 komanda iştirak edib. Yarışma zamanı dörd turda 48 sual oynanılıb. İlk üç yeri M.V.Lomonosov adına MDU-nun Bakı filialının “Zeyqarnik Effekti” komandası, “Liberiya” (Dövlət Neft və Sənaye Universiteti) və NAFTA (Bakı Ali Neft Məktəbi) tutublar.
Azərbaycan Tibb Universitetinin tələbələri də bu bilik yarışmasında layiqincə iştirak ediblər. Gərgin mübarizədən sonra ATU-nun "Invictus" komandası “Xəmsə” turniri üzrə dördüncü yeri qazanıb.
Hər iki yarışma üzrə qalib üzrə ümumilikdə turnirin kubokunu alıb. Qaliblər kubok, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, 1989-cu ildə yaradılan “Atəşgah” İntellektual Oyunlar Klubu Azərbaycanda intellektual oyunlar hərəkatının beşiyi hesab edilir. Azərbaycanın ən “qocaman” İntellektual oyunlar klubu olan “Atəşgah” həm də Beynəlxalq “Nə? Harada? Nə vaxt?” Klubları Assosiasiyasının üzvüdür. Klubun yetirmələri olan bilicilərin bir neçə nəsli ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil ediblər. Klub komandaları “Nə? Harada? Nə vaxt?” oyunu üzrə mütləq dünya çempionu və Cənubi Qafqaz çempionu olmuş, bir sıra başqa parlaq qələbələr, uğurlar və nailiyyətlər qazanıblar.

ATU-nun Metbuat Şöbəsi


Tibb Universitetində “Nə? Harada? Nə vaxt?” turniri keçirildi

Tibb Universitetində “Nə? Harada? Nə vaxt?” turniri keçirildi

Oxşar xəbərlər