
Amma son zamanlar seyrçi orda yanlışlarının, yaşantılarının əksindən daha çox güzgünün üstünü basan kiri-pası görür.
Ölkənin Ana Teatrı adlandırılan “Azdrama”dakı aktrisa və rejissorların iynəli söz savaşı, aktyorların əlbəyaxa olması zəif ssenaristin uğursuz tamaşasını xatırladır.
Səhnədə hər biri ayrılıqda peşəkarlıq sərgiləyən bu sənətkarların həyatdakı cılız oyunu məyusedici və üzücüdür.
Əslində belə götürsək, hamımız oyunçuyuq. Hərəmiz öz dünyamızda bizə həvalə olunan, Allahın bizi görəvləndirdiyini oynayırıq. Ana, övlad, ata, həyat yoldaşı, eləcə də, seçdiyimiz məsləyin obrazını...
Həyatdakı missiyamızı səmimi, içdən, insanca oynamaq səhnədə oynamaqdan daha ağır, daha çətindir. Bu mənada, görünür, teatrımızın peşəkarları səhnədəki uğurlarını həyatdakı obrazlarına gətirməkdə acizdirlər.
Məhz bu səbəbdən də teatr yaradıcı işləri deyil, bir-birinə qənim kəsilən sənətçilərin dedi-qodusu, intriqası, qarşıdurma və sosial şəbəkədə sərgilədikləri kəskin fikirlərlə gündəmə gəlir.
Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aktrisa Mehriban Xanlarova arasında gedən bu “status savaşı” səngiməmiş digər aktyorların bir-biriylə əlbəyaxa olması gündəmi çalxalayır - Bədii Şuranın iclasında Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilir. Aktyor Əli Nur döyülür. Onları ayırmağa çalışan Xalq artisti Sabir Məmmədova da bir neçə yumruq dəyir.
Deyilənlərin nə qədər gerçək olduğunu yalnız oradakılar bilir. Döyüldüyü deyilən aktyor da hadisəni israrla təkzib edir. Yeri gəlmişkən, ağsaqqal sənətçinin sözügedən məsələni təkzib etmə tərzi, statuslarındakı ifadələr də bir başqa pərişanlıqdır.
Amma onu deyə bilərik ki, sənət ocağının siması sayılan insanların mədəniyyət məkanındakı dava-dalaş “premyera”larını izləmək doğrudan da acıdır. Teatrda baş verən son olaylardan ən ağrılısı isə mənəvi dəyərlərin bu intriqalarda hallanmasıdır.
Ünvanlı paylaşımlardakı “20 Yanvar şəhidinə hörmətsizlik olunub” kimi cümlələri teatrın adı ilə yanaşı həssas və toxunulmaz mövzuları da kölgələyir.
Haqlı, ağıllı olduğunu isbat etmək, diqqət çəkmək həvəsləri ədalətli idarəetmə, doğru rol bölgüsü, uzagörən ssenari, peşəkar quruluş, təbii oyun çabasının önünə keçib. Məsləyə və sənət sərgilənməli məbədə sevgini üstələyib.
Məbədləri müqəddəs edən isə ona olan inamdır. Sənətə tapınanların – seyrçilərin İNAMI.
Bu inamın itməməsi üçünsə, orda hər kəs mehriban olmalıdır. Təkcə adı yox, özü, könlü və əməli mehriban...
Rəna Cumaqızı
Tehsil-press.az