BDU-da “Heydər Əliyev mühazirələri”: Milli Məclisin üzvü Rizvan Nəbiyevlə görüş

BDU-da “Heydər Əliyev mühazirələri”: Milli Məclisin üzvü Rizvan Nəbiyevlə görüş Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyində “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Məclisin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyevlə görüş keçirilib.

BDU-nun rektoru Elçin Babayev 2023-cü ildən başlayan və uğurla davam edən “Heydər Əliyev mühazirələri” layihəsi barəsində məlumat verib. Bildirib ki, “Heydər Əliyev İli” münasibətilə başlayan layihə çərçivəsində yüzlərlə gənc Ümummilli Liderin çoxşaxəli və zəngin irsi ilə tanış olub. Dahi Öndərin siyasi fəaliyyətinin bütün dövrləri və istiqamətləri üzrə dövlət xadimləri, siyasətçilər, ziyalılar və elm adamları tərəfindən mühazirələr aparılır: “Hazırda Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Gənclərimiz tarixi qələbəmizə rəvac verən siyasi məktəbi öyrənməli və həmin ənənələri sonrakı nəsillərə daşımalıdırlar”.

Daha sonra Rizvan Nəbiyev “Heydər Əliyevin milli maraqlara söykənən çoxşaxəli xarici siyasət strategiyası” mövzusunda məruzə edib. O bildirib ki, Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti Ümummilli Liderin siyasi kursu əsasında hərtərəfli inkişaf edərək, qüdrətli və qalib ölkəyə çevrilib. Məruzəçi xalqımızın milli maraqları, beynəlxalq hüquq normaları, praqmatik, realist prinsiplərə əsaslanan xarici siyasət xəttinin ölkəmizin əməkdaşlıq əlaqələrinin qurulması və regionun lider dövlətinə çevrilməsindəki rolunu diqqətə çatdırıb. Heydər Əliyevin müdriklik, uzaqgörənlik və dəqiqliklə müəyyənləşdirdiyi yeni enerji strategiyasının ölkəmizin hərtərəfli inkişafının əsaslarını qoyduğunu söyləyib: “Bu strategiyanın uğurla icrası beynəlxalq enerji şirkətlərinin Azərbaycanın neft, qaz yataqlarının işlənilməsinə cəlbi, xam neft və qazın daşınma yollarının şaxələndirilməsi, gəlirlərin səmərəli idarə olunması, rəqabətli insan kapitalının gücləndirilməsi və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirir. Gələcəyin daha güclü Azərbaycan modelinə inamı artırır”.

Mühazirə interaktiv müzakirə sessiyası ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər