Müəllimlərin müəllimi

Müəllimlərin müəllimi Əvvəl adlarını eşitdik, sonra üzlərini gördük.
Soraqları özlərindən əvvəl gəlmişdi.
Məktəbdə hamı onlardan danışırdı.
Onlar bizim kəndin alimləri idilər...

Azərbaycanın üç alimlər kəndindən birində - Cəbrayıl rayonunun Soltanlı kəndində doğulduğum üçün elm adamları ilə tanışlığım erkən yaşlarımdan başlayıb. Hələ sovet dövründə kəndimizdə 50-dən çox alim vardı.

Böyük Allahverdi Verdizadənin, dəyərli alm, gözəl insan Nailə Verdizadənin soyadını daşıdığım, bu nəslin davamçısı olduğum üçün çox xoşbəxt idim...

Tale elə gətirdi ki, Türkiyədə ali təhsil aldım. Tələbələrini övladlardan ayırmayan, onlara gözünün yağını yedirən çox alim, çox müəllim gördüm. Onlar təkcə Türkiyədə deyil, Azərbaycanda da var.
Mətbautda çalışdığım uzun illər ərzində gözünün nurunu şam kimi gənc nəslin yolunda əridən fədakar alimlərlə tanış oldum. Uzaqdan müşahidə etdim, yaxından təmasda oldum, danışdım, müsahibə aldım, onların haqqında yazdım. Və həmişə bu ünsiyyətdən zövq aldım.

Azərbaycan alimi Azərbaycan xalqının sahib olduğu ən böyük sərvətdir...

Bu gün o alimlərdən birinin - tarix elmləri doktoru, professor Cəfər Cəfərovun ad günüdür.

Əgər məndən soruşsalar ki, əsl alim necə olmalıdır, tərəddüd etmədən belə cavab verərəm: Cəfər Cəfərov kimi!

Niyəsini yazım: Cəfər müəllim həyatının ən məhsuldar illərini kitabların arasında keçirib, arxivlərin tozunu udub. Böyük alimlər üçün xas olan araşdırma metodologiyasına, yazı texnikasına malikdir. Ortada sanballı əsərləri var. Gənc nəsil, araşdırmaçılar, tədqiqatçılar hələ uzun illər bu əsərlərdən faydalanacaq...

Cəfər Cəfərov həm də yaxşı idarəçidir. Əvvəl Azərbaycan Turizm və Menecment Universitetində, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində sağlam ab-hava yarada bilib. Mübaliğəsiz deyə bilərik ki, yaxşı müəllim olmaq istəyənlər bu gün tərəddüd etmədən Cəfər Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetini seçir. Çünki Cəfər müəllim sovet dövrü üçün xarakterik olan bütün neqativ halları aradan qaldırıb. Gələcəyin müəllimləri qapı və pəncərəsini rüşvətin üzünə qapayan bu qocaman təhsil ocağında böyük qürurla, sonsuz fəxarət hissi ilə təhsil alırlar. İndi qiymət almaq üçün sovet dövründə olduğu kimi rüşvət verməyə, sandıqdakı pullları çıxarmağa, həyətdəki qoyun-quzunu, dana-buzovu satmağa ehtiyac yoxdur. ADPU-nun 65 yaşlı rektoru valideynləri çoxdan bu yükdən qurtarıb. Bununla da rəhbərlik etdiyi təhsil ocağının üzünü ağ edib...

9 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışan tələbə dostum demişdi, mən də olduğu kimi yazmışdım: “İki gün əvvəl universitetimizin yeməkxanasında rektorumuzu gördük, tələbələrlə birlikdə nahar edirdi. Növbədə dayananda yerimizi ona vermək istəsək də, razı olmadı”.

Əmin olun, 9 il sonra da belə olacaq. Cəfər müəllim yenə 30 il əvvəlki qətiyyəti və səmimiyyəti ilə işinə davam edir. Onun fikri-zikri, qayəsi övladlarımızın, nəvə-nəticələrimizin yoluna çıraq tutacaq böyük MÜƏLLİM ORDUSU yetişdirməkdir. Bunun üçün ən müasir texnologiyalardan istifadə olunur, universitetdə təhsil sistemi müasir dövrün çağırışlarına uyğun qurulur. Axı qurub-yaratmaq onun həyat amalı, başlıca missiyasıdır...

Cəfər müəllimin əkdiyi ağaclar çoxdan çiçəkləyib, bar verir.

Bu gün ucqar kəndlərimizdə darısqal, bəzən rütubətli məktəblərdə şagirdlərə dərs keçən, təhsil verən müəllimlər öz ziyalarını böyük müəllimlərindən - Cəfər müəllimdən alıblar.

Onun ziyasından hələ çox evlərə pay düşəcək.
Axı o sıravi müəllim deyil, müəllimlərin müəllimdir...

65 yaşınız mübarək, Cəfər müəllim!

Tehsil-press.az

Oxşar xəbərlər