“ADPU-100 Fizika fakültəsi” kitabı çap olunub

“ADPU-100 Fizika fakültəsi” kitabı çap olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin dekan müavini, dosent Xankişi Məmmədovun ADPU-nun 100 illik yubileyinə həsr olunmuş “ADPU - 100 Fizika fakültəsi” adlı yeni kitabı çap olunub.
Layihənin rəhbəri ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elmi redaktoru Fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Arzu Daşdəmirov, elmi məshətçisi fizika-riyaziyyat elmləri doktoru, professor Edil Eyvazovdur. Kitaba professorlar Vaqif Nəsirov, Şükür Əlizadə və İsa İsmayılov, dosentlər Cahangir Hüseynov, Sevinc Cəlilova, Səadət Musayeva və Kamil Abbasov rəy veriblər.
Kitabda fakültənin ötən 100 il ərzindəki fəaliyyətindən söhbət açılır, keçmişinə və bu gününə nəzər yetirilir. Kitab, həmçinin Azərbaycan fizika elminin tarixini öyrənmək baxımından da çox əhəmiyyətlidir.
Kitab rektor Cəfər Cəfərovun “Ön söz”ü ilə açılır. C.Cəfərov qeyd edir ki, ölkəmiz üçün zəruri olan elmi və pedaqoji kadrların yetişdirilməsində Fizika fakültəsinin xüsusi çəkisi və özünəməxsus payı vardır. Bunu biz fakültənin keçdiyi yüz illik yola nəzər salanda daha aydın və dəqiq görə bilirik.
Əsərdə fakültənin tarixi üç mərhələdə (1921-1927-ci illər, 1927-1968-ci illər və 1968-2021-ci illər) tədqiq edilib, fakültənin görkəmli məzunları, bu günü haqqında maraqlı məlumatlar verilib. Kitabı oxuduqca Fizika fakültəsinin fəaliyyəti ərzində qazandığı uğurlar daha çox diqqət cəlb edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları fonunda 100 illik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Pedaqoji Universitetinin zəngin ənənələrinin daha da inkişaf etdirilməsi, müasir dövrün durmadan artan çoxsaylı tələblərinə layiqli cavab verməyi bacaran gənc müəllim kadrlarının hazırlanmasında ADPU-nun bütün strukturları kimi Fizika fakültəsinin də böyük rolu var. Bu baxımdan X. Məmmədovun kitabını institutun 100 illik yubileyinə dəyərli töhfə hesab etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər