Moskva TAP-ın "Qazprom"u İtaliyada sıxışdıracağından narahatdır

Moskva TAP-ın Rusiya Avropanın qaz bazarını itirəcəyindən qorxur.

"Rusiyanın “Qazprom” şirkəti İtaliyada “mavi yanacaq” bazarının yarısını itirə bilər". Tehsil-press.az-ın məlumatına görə, bu iddia ilə "RusEnergy" konsaltinq agentliyinin tərəfdaşı Mixail Krutixin çıxış edib.
O deyib ki, Rusiyanın qaz bazarını itirməsinin əsas səbəbi ötən gün təməli qoyulan TAP qaz boru xəttidir.
"TAP layihəsi Avropaya qaz nəqlində rəqabət mühiti yaratsa da bu, Rusiyanın bazardan çıxması demək deyil".
Krutixin bildirib ki, Moskva “Qazprom” şirkəti vasitəsilə Avropaya siyasi təsir göstərməyə çalışır. “Bu səbəbdən Avropa ölkələri yeni enerji mənbələri axtarırlar. TAP layihəsi isə “Qazprom” şirkətini müəyyən qədər İtaliya bazarında sıxışdıracaq”, - deyə Mixail Krutixin bildirdi.
Bu layihə Avropa və ABŞ-ın tam dəstəyini alır. Ona görə də ötən gün TAP-ın təməlqoyma mərasimi qərbdən olan yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi mətbuata açıqlamasında bildirib ki, Vaşinqton Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi olacaq və Azərbaycan təbii qazını Avropanın digər bölgələrinə çatdıracaq TAP-ın tikintisinə başlanılmasını alqışlayır.

Moskva TAP-ın "Qazprom"u İtaliyada sıxışdıracağından narahatdır

Mixail Krutixinin açıqlamasından isə görünür ki, Rusiya TAP layihəsinin tikintisindən narahatdır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə bildirdi ki, TAP layihəsi Avropaya qaz nəqlində rəqabət mühiti yaratsa da bu, Rusiyanın bazardan çıxması demək deyil.
“Çünki “Qazprom” şirkətinin ildə İtaliyaya ixrac etdiyi qazın həcmi 25-30 milyard kubmetr, ümumiyyətlə Avropaya isə 159 milyard kubmetr təşkil edir. Amma Azərbaycandan TAP qaz boru xətti ilə 10 milyard kubmetr qaz göndərilməsi planlaşdırılır. Ümumilikdə, qaz ixracı hava şəraitindən asılı olur. Eyni zamanda 2020-ci ilə qədər Avropada qaz həcmlərinin artması barədə proqnozlar yoxdur. Belə bir halda TAP-ın Avropada hansısa dövlətin payını əlindən ala bilməsi mümkündür. Amma bu, böyük bir həcm deyil. Qaza ehtiyac 2025-ci ildə tamamilə dəyişəcək. Çünki bu ildən sonra Avropada qaz istehlakı artacaq. Belə olan halda əlavə qaz həcmlərinə ehtiyac yaranacaq. Amma hələ ki, Rusiya Avropanın qaz bazarında dominantlığını qoruyacaq”, - deyə İlham Şaban bildirdi.
Mütəxəssis həmçinin qeyd etdi ki, Rusiyanın Arktikada və yerin dərin qatlarında külli miqdarda qaz ehtiyatları var. "Həmçinin Barens dənizində Ştokman yatağında 3.7 trilyon kubmetr çıxarıla biləcək qaz ehtiyatı var. Bu ehtiyat “Şahdəniz” yatağından 3 dəfə çoxdur. Amma Moskvanın bunu istismara verməyə texnologiyası yoxdur. Bu texnologiya Avropadadır”,- deyən ekspert bildirdi ki, qitə ilə Rusiya arasında soyuq münasibətlər olduğu üçün Moskva bu yataqları istismara verə bilmir.

Moskva TAP-ın "Qazprom"u İtaliyada sıxışdıracağından narahatdır
İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Bu reallıqdır ki, Rusiya Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Rusiya bəzi hallarda bu enerji öhdəliyini siyasi məqsədləri üçün istifadə edir. Rusiyanın bu məqsədi Ukrayna münaqişəsi zamanı özünü büruzə verdi. Çünki Rusiya münaqişə kəskinləşən kimi Avropanı qazı kəsməklə hədələdi.
Bundan əvvəl də Avropa və ABŞ Rusiyanın həyata keçirdiyi layihələri region üçün təhlükə adlandırıblar. ABŞ –ın yüksək rütbəli məmurları da Rusiyanın təhlükəli oyunlar oynadığını dəfələrlə diqqətə çadırıblar.
ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi Amos Hokstain demişdi ki, Rusiyanın həyata keçirdiyi “Şimal Axını 2” layihəsi Avropa üçün risklər yaradır. “ Türkiyənin TANAP layihəsinə dəstək vermək daha məntiqlı olar”.
O, deyib ki, Rusiya bu layihələri Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir. Həmçinin Türkiyə ilə birgə həyata keçirilən “Türk axını” layihəsidə iki ölkə arasında qırıcı qalmaqalından sonra təxirə salındı.
Əlbəttə ki, bu layihəni də ABŞ və Avropa dövlətləri bəyənmirdi. Ona görə də dolayı yollarla qərb Rusiya və Türkiyə münasibətlərinin pozulmasından öz məqsədləri üçün istifadə edir. Avropa dövlətləri belə bir siyasi kursla Rusiyanın regiondakı təsirini azaltmağa çalışırlar. Amma Rusiyanın enerji mənbələrinin çoxluğu və siyasi təsir dairəsinin genişliyi Avropanın niyətlərini qısa müddətdə həyata keçirməsinə mane olur.


Tehsil-press.az

Oxşar xəbərlər