Türkiyədə millət vəkili toxunulmazlığı ləğv edildi

Türkiyədə millət vəkili toxunulmazlığı ləğv edildi Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında Konstitusiya dəyişikliyi təklifini qəbul edib.

2 maddəlik dəyişiklik təklifi bu gün parlamentdə səsverməyə çıxarılıb. Keçirilən gizli səsvermə nəticəsində 1-ci maddə 373 səs, 2-ci maddə isə 374 səslə qəbul edilib. Sonra prosedura uyğun olaraq hər iki maddə birlikdə səsverməyə çıxarılıb. Yekun səsvermədə Konstitusiya dəyişikliyinin lehinə 376 millət vəkili səs verib. Konstitusiya dəyişikliyi üçün üçdə iki səs çoxluğu lazım olduğundan, dəyişikliklər referenduma ehtiyac qalmadan qəbul olunmuş sayılıb. Dəyişikliklər prezident imzalayandan və “Rəsmi qəzet”də dərc olunduqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Türkiyədə prokurorluq orqanları tərəfindən 138 millət vəkili haqqında cinayət işi açılıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq. Yaxın günlərdə PKK terror təşkilatının siyasi qolu sayılan HDP-nin (Xalqların Demokratiya Partiyası) bəzi millət vəkillərinin istintaqa cəlb olunacaqları gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər